Maraqlı
Populyar ədviyyatın yaddaşı qorumaq üçün faydalı olduğu müəyyən edilib
Sarıkök ekstraktının alsheymer xəstəliyi və yüngül koqnitiv pozuntuları olan şəxslərdə diqqət və yaddaşın bəzi göstəricilərini yaxşılaşdıra biləcəyi ehtimal edilir. Oxu.Az xəbər verir ki, Yaponiyanın Kanaqava Stomatologiya Universitetinin tədqiqatçıları "Frontiers in Nutrition" jurnalında dərc olunan kiçikmiqyaslı müşahidə araşdırmasının nəticələrinə əsasən bu qənaətə gəliblər. Tədqiqata alsheymer xəstəliyi ilə əlaqəli yüngül koqnitiv pozuntuları olan 13 nəfər cəlb edilib. İştirakçılar dörd ay ərzində sarıkök ədviyyatının əldə olunduğu "Curcuma longa" bitkisinin ekstraktını qəbul ediblər. Əlavənin tərkibində turmeronol və bisakuron kimi aktiv maddələr yer alıb. 10 iştirakçının məlumatlarının təhlili zamanı mütəxəssislər rəqəmsal koqnitiv testlərin nəticələrinə əsasən yaddaş göstəricilərində yaxşılaşma və təxmin edilən "beyin yaşı"nın azalmasını qeydə alıblar. Bununla yanaşı, iştirakçıların işçi yaddaş və diqqətinin bəzi parametrlərində də yaxşılaşma müşahidə olunub. Bununla belə, standart qiymətləndirmə şkalası üzrə koqnitiv funksiyaların ümumi göstəricilərində əhəmiyyətli dəyişiklik baş verməyib. Alimlər vurğulayıblar ki, əldə olunan nəticələr sarıkök ekstraktının beyin fəaliyyətini dəstəkləmək baxımından potensialını göstərsə də, bu nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı tədqiqatlara ehtiyac var.
Mənbə
oxu.az
Oxşar Xəbərlər