İqtisadiyyat

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video

22 Sep 2026, 00:24 3 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video
Bir müddət əvvəl fermerlərdən birinin südün alış qiymətinin həddən artıq aşağı olmasına etiraz olaraq məhsulu küçəyə tökməsi bölgələrdə kənd təsərrüfatı məhsullarının topdansatış qiymətləri ilə bağlı problemi yenidən gündəmə gətirib. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, problemin əsas səbəblərindən biri Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının əksəriyyətinin kiçik və ailə təsərrüfatlarından ibarət olmasıdır.

"Əksər istehsalçılarımız ailə, mikro və kiçik təsərrüfatlardır. Onların dəyər zəncirinin bütün halqalarında iştirak etmək və öz məhsullarını son istehlakçıya çatdırmaq imkanları məhduddur", - deyə ekspert bildirib. Ekspert hesab edir ki, kooperativlərin və iri aqrar təsərrüfatların kifayət qədər inkişaf etməməsi də fermerlərin bazardakı mövqeyini zəiflədir. "Azərbaycanda, təəssüf ki, kooperativlər formalaşmayıb, aqrar korporasiyalar yoxdur. Halbuki bunlar resursları birləşdirərək məhsulu istehsaldan istehlakçıya çatdırmaqla dəyər zəncirinin müxtəlif mərhələlərində yaranan mənfəətdən faydalana bilərlər", - R.Həsənov qeyd edib. Onun sözlərinə görə, bəzi hallarda azsaylı alıcıların bazardakı mövqeyi qiymətlərin fermerlərin əleyhinə formalaşmasına səbəb olur: "Bəzi hallarda inhisarçı mövqedə olan şirkətlər, məsələn, emal müəssisələri alıcı kimi mövqelərindən istifadə edirlər. Belə olduqda qiymət diktəsi başlayır". Ekspert bildirib ki, məhsulun tarladan və ya təsərrüfatdan istehlakçıya çatdırılmasına qədər olan mərhələlərdə nəqliyyat, logistika, vasitəçilərin mənfəəti, itkilər və pərakəndə ticarət xərcləri qiymətin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. "Bu vasitələr nə qədər çox olacaqsa, təbii ki, qiymətlərin daha yüksək olmasını şərtləndirir", - deyə R.Həsənov əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər