Siyasət

Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük

17 Sep 2026, 17:18 2 baxış
Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük
"Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin mətnini qəbul edib". Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və davamlılıq" forumundakı çıxışı zamanı səsləndirib. Hökumət başçısının sözlərinə görə, İrəvan "mexaniki qarşılıqlılıq" prinsipindən imtina etmək qərarına gəldikdən sonra danışıqları yekunlaşdırmaq mümkün olub: "Biz gördük ki, mövcud vəziyyətdə sülh sazişinin mətnini "pinq-ponq" vasitəsilə daha da yaxşılaşdırmaq qeyri-mümkündür". Baş nazir vurğulayıb ki, müəyyən mərhələdə tərəflər seçim qarşısında qalıblar: ya hər təklifə qarşılıqlı cavab verərək köhnə sxem üzrə danışıqları davam etdirmək, ya da fərqli məntiqə keçmək. Ermənistan məhz ikinci variantı seçib. Paşinyanın sözlərinə əsasən, rəsmi İrəvan həmin vaxt razılaşdırılmış mətnin imzalanacağı və ratifikasiya ediləcəyi təqdirdə ölkə üçün hansı nəticələrə gətirib çıxaracağını əsas götürüb: "Biz özümüzə sadə bir sual verdik. Əgər həmin vaxt razılaşdırılmış sülh müqaviləsi mətnini götürüb onun imzalandığını və ratifikasiya olunduğunu təsəvvür etsək, bu, Ermənistan üçün problemlər yaradır, yoxsa onları həll edir? Vəziyyət daha yaxşı olacaq, yoxsa yox - və biz gördük ki, vəziyyət daha da yaxşılaşacaq. Bundan sonra mətnlə razılaşmaq qərarına gəldik". Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılmasına dair birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) adlandırılıb. TRIPP layihəsi Ermənistanın Sünik vilayəti ərazisindən keçməklə strateji tranzit dəhlizinin formalaşdırılmasını nəzərdə tutur. Təşəbbüs iqtisadi xarakter daşıyır və buraya dəmir yolu, avtomobil magistralı, neft kəməri, qaz kəməri və fiber-optik rabitə xətlərinin inşası daxildir. Layihənin icrası hərbi komponent olmadan, Ermənistan qanunvericiliyinə uyğun şəkildə ABŞ şirkəti tərəfindən həyata keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər