“Qurdlar Vadisi”nin ssenaristləri 2 saatdan çox ifadə verdilər
"Qurdlar Vadisi" filminin ssenaristləri keçmiş MİT (Milli Kəşfiyyat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində ifadə veriblər.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan istintaq çərçivəsində "məlumatlı şəxs" qismində dindiriliblər. Dindirilmə 2,5 saatdan çox çəkib.
Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqdan sonra "Qurdlar Vadisi Pusu" serialı ilə bağlı detallar məlum olub. Belə ki, serialın 123-cü bölümündə "Kazım Kaşifoğlu" adı ilə təqdim edilən Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti obrazının əslində Kaşif Kozinoğlunun prototipi olduğu iddia edilib.
Qeyd edək ki, MİT-in (Milli Kəşfiyyat Təşkilatı) Xarici Əməliyyatlar İdarəsinin keçmiş rəhbəri Kaşif Kozinoğlunun 12 noyabr 2011-ci ildə Silivri Həbsxanasında şübhəli ölümündən sonra 2026-cı ilin sentyabr ayında yenidən istintaq başladılıb.