Maraqlı
İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu, rütubət, geyim və fərdi xüsusiyyətlər təsir edir. Mütəxəssis bildirib ki, məşqdən sonra tərəzidə görünən çəki azalması əsasən su və elektrolit itkisi ilə bağlıdır və yağ yandırılması demək deyil. Qufranova məşqin nəticəsini qiymətləndirmək üçün gücün artmasına, hərəkətlərin daha düzgün yerinə yetirilməsinə, dözümlülüyün yüksəlməsinə və fiziki yükdən sonra nəbzin daha tez normallaşmasına diqqət etməyi tövsiyə edib. Məşqin insanı tamamilə tükəndirməsinin də vacib göstərici olmadığını bildirən ekspert qeyd edib ki, effektiv məşq müntəzəm şəkildə davam etdirilə bilən və zamanla insanı daha güclü və enerjili edən məşqdir.
Mənbə
oxu.az