Sİ ilə bağlı gözlənilməz çağırış - Mask dəstəklədi
Amerikalı milyarderlər İlon Mask və Sem Altman “Anthropic” şirkətinin rəhbəri Dario Amodeinin qabaqcıl süni intellektin inkişaf tempinin azaldılması çağırışını dəstəkləyib.
Axar.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
“Dario haqlıdır”, - Mask X sosial şəbəkəsində yazıb.
O, uzun illərdir süni intellektin yaratdığı təhlükələr barədə xəbərdarlıq etdiyini xatırladıb. Mask 2014-cü ildə süni intellektin hazırlanması zamanı son dərəcə ehtiyatlı davranmağın vacibliyi ilə bağlı verdiyi açıqlamasına da istinad edib.
Altman da Amodeinin mövqeyini dəstəkləyib:
“Dario ilə razıyam ki, qabaqcıl texnologiyaların inkişaf tempini yavaşlatmalıyıq”.
Altman müstəqil ekspertlərin süni intellektin hazırlanması proseslərinə daimi çıxışının təmin edilməsini müsbət qiymətləndirib və “OpenAI”nin də oxşar yanaşmanı tətbiq etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Amodei daha əvvəl süni intellektin həddindən artıq sürətli inkişafının ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
O, nəzarətin yetərli olmadığı təqdirdə daha güclü süni intellekt agentlərinin gələcəkdə “bütün interneti ələ keçirə”, dayanıqlı botnet şəbəkəsi yarada və nəticədə yüz milyardlarla dollar zərər vura biləcəyini ehtimal edib.
Amodeinin təklifi müstəqil mütəxəssislərin təhlükəsizlik tədbirlərinə riayət olunmasına nəzarət etmək, insidentləri araşdırmaq və süni intellekt modellərinin davranışını qiymətləndirmək üçün tərtibatçıların sistemlərinə daimi çıxış əldə etməsini nəzərdə tutur.
ABŞ Prezidenti Donald Trampın Elm və Texnologiyalar Şurasının həmsədri Devid Saks isə bildirib ki, texnologiya şirkətlərinin süni intellektin inkişafını öz təşəbbüsləri ilə yavaşlatması üçün hər hansı icazəyə ehtiyacı yoxdur.