Rüstəmə dedim ki, sən şair deyilsən…
Bu gün doğum gününü qutladığımız Rüstəm Behrudi ilə tanış olanda onun 23 yaşı vardı. Mən “Yazıçı” nəşriyyatının baş redaktoru idim. “Naxçıvandan bir nəfər görüşünüzə gəlib” - dedilər. Görüşdük. “Gəncə qapısı” adlı şeir kitabımın çox oxunan vaxtı idi. Naxçıvan gəncləri mənə, hədiyyə olaraq, dəmir üzərində döymə göndərmişdilər. Tikanlı məftillərin arasında qıvrılan Araz, bu məftilləri qırıb sərhəddə sancılan qılınc və çayın üstündən Güneylə Quzey arasında körpüyə dönmüş “Gəncə qapısı” kitabı.
Kult.az xəbər verir ki, bu barədə xalq şairi Sabir Rüstəmxanlı şair Rüstəm Behrudiyə təbrik mesajında qeyd edib.
"Adamı duyğulandıran, gözəl sənət əsəri idi. Sonra Rüstəm mənə 6-7 şeir verib dedi: “Xahiş edirəm, bu yazıları oxuyub fikrinizi bildirəsiniz, görüm mən şairəm, yoxsa yox” .
Mən şeirləri sona kimi oxuyub ona baxdım və ciddi şəkildə “sən şair deyilsən” dedim. Rənginin ağardığını görüb əlavə etdim: “Sən böyük şairsən!” Bunu şeirlərin ruhuna görə demişdim. Sonra onu Bakıya dəvət etdim və uzun müddət bir yerdə çalışdıq. Şeir məclislərinə və meydanlara bir yerdə çıxdıq.
Sevinirəm ki, 46 il öncə Rüstəm Behrudinin şeirlərinə verdiyim qiymətdə yanılmamışam. O, Araz sahillərindən Tanrı dağlarına doğru yüksələn, türklük sevdası ilə dolu bir yolun yorulmaz yolçusudur və poetik səsi Azərbaycandan çox-çox uzaqlarda eşidilir.
Əzizim Rüstəm, yeddinci onilliyin astanasında olduğun bu günlərdə mən hələ də səni gənc hesab edir, sənə gənc dostum kimi baxıram. Bu, ruhundakı və sözündəki gənclik enerjisinin göstəricisidir. Bu enerjini itirmə! Doğum gününü ürəkdən təbrik edirəm", - S.Rüstəmxanlı əlavə edib.