İdman
Donnarumma və sevgilisinə qarşı Parisdəki silahlı basqının detalları açıqlandı
PSJ-nin sabiq qapıçısı Canluici Donnarumma və sevgilisinin Parisdə məruz qaldığı soyğunçuluğun detalları üzə çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Fransada məlum hadisə ilə bağlı məhkəmə prosesinə başlanılıb. Donnarumma 2023-cü ildə Parisin elitar Avenyu Monten bölgəsində yerləşən mənzilində soyğuna məruz qalıb. Cinayətkarlar qapıçının evinə nərdivanla daxil olublar. Onlar damdan eyvana keçərək, daha sonra pəncərələri qırıb içəri giriblər. Yuxudan ayılan qolkiperin üzünə kastetlə zərbə endirilib, bundan sonra o, "Audemars Piguet" markalı saatını onlara təhvil verib. Ardınca basqınçılar futbolçunun sevgilisi Alessia Elefantenin üzərinə gediblər. Onlar qadından seyfin kodunu tələb ediblər. O isə seyfin boş olduğunu və şifrəni bilmədiyini söyləyib. Elefante həmin vaxt hamilə olsa da, quldurlar onu saçından tutaraq ayaqlarına zərbələr endirməyə başlayıblar. Yekunda cinayətkar dəstə nağd pul, marka çantalar, digər saatlar və həmçinin "Mercedes" ilə "Lamborghini" avtomobillərinin açarlarını götürərək hadisə yerindən qaçıblar. Hazırda cinayətkar şəbəkənin bir neçə üzvü məhkəmə qarşısına çıxarılıb. İstintaqın məlumatına görə, basqına həbsxanadan 21 yaşlı İlyas Xərbuş və Kyan Mamuni rəhbərlik ediblər. 24 yaşlı Moktar Diop soyğunçuluqda iştirak etdiyini etiraf etsə də, döyülmə faktını inkar edir. Hadisə baş verən zaman 18 yaşı tamam olmayan daha iki dəstə üzvü isə artıq öz cəzasını çəkməkdədir.
Mənbə
oxu.az