Dünya
Ukraynanın baş prokuroru istefa verdi: Korrupsiya qalmaqalı böyüyür
Ukraynanın baş prokuroru Ruslan Kravçenko Ukrayna Milli Antikorrupsiya Bürosu və Ukraynanın İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun çağrı mərkəzlərinə "himayədarlıq edilməsi" ilə bağlı apardığı araşdırma fonunda istefa ərizəsi verib. Oxu.Az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb. "Bu, siyasi qərardır. Mən bu qərarı şüurlu şəkildə qəbul etmişəm. Baş prokuror vəzifəsindən siyasi qarşıdurma aləti kimi istifadə olunmasını istəmirəm. İttihamlarla bağlı mövqeyim dəyişməz olaraq qalır", - deyə məlumatda bildirilir. Kravçenko "işini vicdanla yerinə yetirən" həmkarlarına, prezidentə və Ali Radaya təşəkkür edib. Sentyabrın 7-də Ukrayna Prezidenti Volodimir Zelenski Kravçenko və "Xalqın xidmətçisi" fraksiyasının sədri David Araxamiya ilə görüşüb. Bu görüşün yekununda Kravçenkonun baş prokuror vəzifəsində gələcək fəaliyyəti ilə bağlı qərar qəbul edilməli idi. Bundan əvvəl jurnalistlərlə ünsiyyət zamanı Kravçenko yaranan qalmaqal fonunda öz istəyi ilə istefa ərizəsi verməyi planlaşdırmadığını bildirib. Sentyabrın 4-də "Ukrainska pravda" (UP) qəzeti baş prokuror Ruslan Kravçenkonun, onun müavini Mariya Vdoviçenkonun və Odessa Vilayət Dövlət Administrasiyasının (VDA) rəhbəri Oleq Kiperin evlərində axtarış aparıldığını bildirib. Sentyabrın 5-də Baş Prokurorluq "Kravçenkonun istifadə etdiyi" xidməti otaqlarda axtarış aparıldığını təsdiqləyib. UP-nin işgüzar dairələrdəki mənbələrinin məlumatına görə, NABU və SAP Ukrayna Baş Prokurorluğu Ofisinin (BPO) Beynəlxalq-Hüquqi Əməkdaşlıq Departamenti rəisinin müavini Sergey Kropivanı saxlayıblar. Sentyabrın 5-də Baş Prokurorluq Ofisinin struktur bölmələrindən birinin rəhbərlərinin başçılıq etdiyi cinayətkar təşkilatın ifşa edildiyi bəyan olunub. Onun iştirakçıları çağrı mərkəzlərindən sistemli şəkildə rüşvət almaqda və əmlakın leqallaşdırılmasında şübhəli bilinirlər. UP-nin məlumatına görə, söhbət Sergey Kropivadan gedir. Sentyabrın 6-da BPO-nun Beynəlxalq Əməkdaşlıq Departamenti rəhbərinin müavini Kropiva barəsində 120 milyon qrivna (təxminən 2,6 milyon dollar - red.) məbləğində girov müqabilində həbs qətimkan tədbiri seçilib.
Mənbə
oxu.az