Cəmiyyət
Əhməd Məmmədzadə məhkəmə zalından azadlığa buraxıldı
"QHT işi" üzrə ittiham olunan Əhməd Məmmədzadənin məhkəmə prosesi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, Əhməd Məmmədzadəyə 2 il sınaq müddəti olmaqla 7 il 6 aylıq şərti cəza verilib. Təqsirləndirilənin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında azadlığa buraxılıb. Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılıb. Əhməd Məmmədzadə də bu iş çərçivəsində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Elgün Həsənli
Mənbə
oxu.az