Dünya
Konqoda onlarla həkim Ebola epidemiyasına görə yerli sakinlərin hücumlarına məruz qalıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin əməkdaşları da daxil olmaqla, humanitar təşkilatların azı 45 əməkdaşı Konqo Demokratik Respublikasının şərqində yerli sakinlərin hücumları nəticəsində xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" yazıb. Nəşrin məlumatına görə, İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində Ebola xəstəliyinə yoluxmuş və ya bu xəstəlikdən vəfat etmiş şəxslərin yaxınları və kənd sakinləri ilə bağlı azı 76 insident qeydə alınıb. Bir çox yerli sakin paytaxt Kinşasadan gələn tibb işçilərinə və əcnəbilərə etibar etmir. Onların fikrincə, kənardan gələnlər xəstəliyin yayılmasından pul qazanmaq üçün yararlanırlar. Bir neçə dəfə yerli sakinlər tibb işçilərinə hücum edərək onları döyüblər. İnfeksiyadan ölənlərin cəsədlərinin verilməsindən imtina edildikdən sonra bir neçə xəstəxana yandırılıb. Nəşr qeyd edir ki, yerli icmalar ənənəvi dəfn mərasimlərinin keçirilməsini tələb edir, hakimiyyət isə ölənlərin təhlükəsiz şəkildə dəfn olunmasına çalışır. Qeyd edək ki, Ebola qızdırmasının yayılması ilin əvvəlində Konqo Demokratik Respublikası və Uqandada başlayıb. Konqo Demokratik Respublikası hakimiyyətinin məlumatına görə, ölkədə yoluxma hallarının sayı 6 400-ə çatıb. Təxminən 3 000 nəfər ölüb. Uqandada epidemiya avqust ayında başa çatıb.
Mənbə
oxu.az