Cəmiyyət
Bu itlərin yiyəsi niyə yoxdur?
Kubra Məhərrəmova yazır... Mətləbə keçməmişdən əvvəl AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARIndan bizə hava-su qədər vacib olan bəndi qeyd edirəm. Qeyd edirəm ki, heç olmasa, kağızın üzərində görək ki, bu sahibsiz heyvanlara görə məsuliyyəti kim daşıyır. Çünki hər dəfə sahibsiz itlər uşağa-böyüyə hücum edir, KİV paylaşır, sonra da məsələ unudulur. Özü də elə unudulur ki, guya heç olmayıb. İndi gedib hər hansı icra hakimiyyətinin qapısını döyüb soruşsaq ki, "ey cənab başçı, bu küçələri niyə sahibsiz itlər basıb?", deyəcək: "Atamın canı, babamın qəbri haqqı, bizim ərazidə sahibsiz itlər yoxdur". Yaxşıdır ki, avtomobillərdə videoqeydiyyatçılar var. Bu gün baş verən hadisəni hamımız gördük. Deməli, Bakının Nəsimi rayonunda, general Hüseyn Rəsulbəyov küçəsində sahibsiz it uşaqlı qadına hücum edib. Ətrafdakı adamların köməyi nəticəsində onlar xilas olublar. İndi o yoldan maşınlar keçməsəydi, adamlar qadına-uşağa kömək etməsəydilər, necə olacaqdı? Nəsimi rayon icra başçısı və ya qeyri rayonun icra başçısı nə deyəcəkdi? Üzünüz qara olmasın, hələ o gün xarici turistin qabağında üzümüzü qara elədiniz. Bunu deyirəm: "Şəkidə itlərin hücumuna məruz qalan niderlandlı turisti DSX helikopterlə xilas etdi". Camaat qara-çovğuna düşür, nə bilim, selə düşür, onu təxliyə edirlər. Bizdə də Niderlanddan gələn turistə itlər hücum çəkir, onu dövlət qurumu xilas edir. Vəziyyətin absurdluğuna baxın. Turisti ölkəyə gətirmək üçün dövlət turizm infrastrukturu qurur, yol çəkir, hotellər tikir, piar edir... turisti itdən xilas etmək üçün də helikopter göndərir. Bu axı təbii fəlakət deyil. Bu, istər şəhərdə, istərsə də regionlarda icra hakimiyyəti orqanlarının vecsizliyi, məsuliyyətsizliyi və başdansovdu yanaşmasının nəticəsidir. Deyəsən, bu köpəyin balası köpək də bilir kimə hücum edir. Harada zəif, gücsüz qadın-uşaq görür, ona hücum çəkir. Heç bir dəfə eşitmədik ki, bu sahibsiz itlər hansısa bir məmura hücum etsinlər. Bax mən indi bütün yerli icra orqanlarına sual verirəm: 1. Bu illər ərzində neçə sahibsiz it müəyyən edilib? Qeyd edim ki, Nazirlər Kabinetinin Qərarı 9 mart 2011-ci ildə təsdiq edilib. 2. Neçəsi sığınacaqlara yerləşdirilib? 3. Neçəsi sterilləşdirilib? 4. Hansı rayonlarda bu iş aparılıb? 5. Bunun üçün nə qədər vəsait xərclənib? 6. Rayonlar üzrə statistika varmı? 7. Hücum hadisələri üzrə ayrıca hesabat aparılırmı? 8. Vətəndaş hücumla bağlı hara müraciət etməlidirlər? Yəni küçə iti bir vətəndaşı dişləyəndə hansı dövlət qurumunu məhkəməyə verib kompensasiya tələb edə bilər? 9. Müraciətə neçə saata/günə reaksiya verilir? Amma problemi yenə də camaat özü həll edir. Özü itdən qaçır, ya da kimlərinsə köməyi ilə xilas olur. Özü xəstəxanaya gedir, quduzluq əleyhinə peyvənd vurdurur. Belə görürəm, hərəmiz üstümüzdə bir dəyənək gəzdirməliyik ki, sahibsiz küçə itləri hücum edəndə özümüzü qoruyaq. Ya da əlbəyaxa şərq döyüş növlərini öyrənməliyik. Ya Rəbb, sən həqiqətən də bizi sevirsən! Bizi qoruyursan! Çünki sən əlini üstümüzdən çəksən, batarıq.
Mənbə
oxu.az