Maraqlı
Yuxuya getməyi asanlaşdıran içkilər: Həkimdən TÖVSİYƏ
Bitki çayları rahatlamağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Yuxuya getməyi asanlaşdıran bitkilər arasında pişikotu, badrənc və lavanda göstərilir. Oxu.Az xəbər verir ki, bu barədə qastroenteroloq Yevgeni Belousov Gazeta.ru-ya açıqlamasında bildirib. Həkimin sözlərinə görə, bəzi bitki çayları və qarışıqları sinir sistemini sakitləşdirərək narahatlığı və gərginliyi azaltmağa, yuxuya getməyi asanlaşdırmağa kömək edə bilər. Onlar birbaşa yuxugətirici təsir göstərmir, daha çox insanın rahatlamasına və xarici qıcıqlandırıcılara həssaslığının azalmasına şərait yaradır. Belousovun sözlərinə görə, pişikotu yuxusuzluqla mübarizədə ən çox istifadə olunan bitkilərdən biridir. O, yuxuya getmə müddətini azaltmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Badrənc stresi azaltmağa kömək edən antioksidantlarla zəngindir. Həkim bir stəkan ilıq suya 3-4 badrənc yarpağı əlavə edərək 15 dəqiqə dəmləməyi və yatmazdan təxminən bir saat əvvəl içməyi tövsiyə edib. Lavanda isə sakitləşdirici xüsusiyyətləri ilə seçilir. Onun tərkibindəki efir yağlarının emosional gərginliyi azaltmağa, yuxunun keyfiyyətini yaxşılaşdırmağa və daha tez yuxuya getməyə kömək edə biləcəyi bildirilir. Həkimin sözlərinə görə, bitki çaylarının müntəzəm istifadəsi yuxunun daha rahat keçməsinə və səhərlər daha asan oyanmağa kömək edə bilər. Bitkilərin adətən bir çay qaşığı miqdarında 300 ml qaynar suda dəmlənməsi və yatmazdan 2-3 saat əvvəl içilməsi tövsiyə olunur. Bununla belə, bitki çaylarının təsiri insandan-insana dəyişə bilər və onların "istənilən qədər uzun müddət zərərsiz olduğu" fikri bütün bitkilər üçün keçərli deyil. Xüsusilə, dərman qəbul edən, hamilə və ya xroniki xəstəlikləri olan şəxslər bitki tərkibli vasitələrdən müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər