617 bal topladı, seçdiyi ixtisas təəccübləndirdi
Uzaqda bir Yol var və bu yolu getmək üçün mütləq şəkildə tam əmin olub qərar verməlisən. Hər il ali məktəblərə yüzlərlə gənc daxil olur, çoxu ilə söhbət edirəm və görürəm ki, seçdikləri ixtisas öz yolları deyil, ancaq bu gəncin seçdiyi Yol insanda qürur yaradır.
Kult.az xəbər verir ki, bu sözləri tanınmış alim Zaur Əliyev Xaliq Zeynallı haqda qeyd edib.
“Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusu olduğu üçün baytarlıq ixtisasını (ingilis dilində) seçib. Bu bal ilə istənilən ixtisası seçmək olardı. Lakin gəncin müsahibəsində bir cümlə məni çox sevindirdi - Azərbaycanda nə yaxşı ki, belə düşünənlər var:
“Amma mən öz dünyagörüşüm və ziyalı insanlarla söhbətlərim sayəsində başa düşürdüm ki, hər şey göründüyü kimi deyil. İnsanın həvəsi varsa və onun arxasınca gedirsə, həmişə uğur qazanır. Uşaqlıqdan heyvanlara xüsusi sevgim var idi. Düşünürdüm ki, gələcəkdə bir uğur əldə etsəm, bu, mütləq heyvanlarla bağlı olacaq. Böyüdükcə anladım ki, bu hiss keçici deyil və bu sahənin gələcəkdə çox perspektivli olacağını bilirdim”.
Uğur olsun sənə, Xaliq. Yolun sonunda səni gözləyən uğurla yanaşı böyük bir həyat var. Ər insan olmaq üçün öz qərarın olmalıdı ki, sən də bunu sübut elədin.
Valideyinlərinə təşəkkür edirəm ki, bir Yolu olan gənc yetişdiriblər”, - alim qeyd edib.