Dünya

Ac ayılar evlərə və mağazalara girirlər: ABŞ-də rekord göstərici

30 Aug 2026, 08:02 4 baxış
Ac ayılar evlərə və mağazalara girirlər: ABŞ-də rekord göstərici
ABŞ-nin bir sıra qərb ştatlarında ayıların şəhər küçələrinə çıxması ilə bağlı rekord sayda hal qeydə alınıb. Ac yırtıcılar qida axtarışında amerikalıların evlərinə və mağazalara daxil olurlar. Oxu.Az xəbər verir ki, bu barədə avqustun 29-da "Reuters" yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən xəbər yayıb. 2026-cı ildə Kolorado ştatında ayılarla bağlı 7 mindən çox qarşılaşma qeydə alınıb ki, bu da 2019-cu ilin rekord göstəricisini üstələyib. Nyu-Meksiko ştatında ilin əvvəlindən 187 ayı öldürülüb və bu, 2011-ci ildən bəri ən yüksək göstəricidir. Eyni dövrdə Yuta ştatında 39 ayı yuxuya verilib ki, bu da müşahidələrin aparıldığı bütün əvvəlki illərin göstəricilərini üstələyib. Bununla yanaşı, ölkənin qərbində ayıların ölümcül hücumlarının sayı aşağı olaraq qalır və hər il cəmi bir neçə belə hal qeydə alınır. Nevadadan olan mütəxəssis Hizer Reyx bildirib ki, ştatlarda quraqlıq davam edərsə, ayılarla qarşılaşmaların sayı arta bilər. O xəbərdarlıq edib ki, qarşıdakı aylarda yırtıcılar qış yuxusuna getməzdən əvvəl fəal şəkildə çəki toplamağa çalışacaq və yaşayış məntəqələrində qida axtaracaqlar. "Sentyabr və oktyabr aylarında bizi nələrin gözlədiyini heç təsəvvür belə edə bilmirik. Bizim üçün bu, sadəcə olaraq Armageddon olacaq", - deyə Reyx bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər