40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı
Ağdərə, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində daha 40-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar təqdim edilib.
Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, verilmiş avadanlıqlar hesabına sakinlər un məmulatlarının istehsalı, kiçik dərzi sexi, broyler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri, avtotəmizləmə, qadın gözəllik salonu, kişi bərbərxanası, dönərxana, avtoçilingər xidmətləri üzrə kiçik bizneslərini yaradıblar.
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən artıq 950-yə yaxın şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.