Maraqlı

Filmdən sonra: "La La Land" - Reallıqlar və xəyal dünyamız...

28 Aug 2026, 15:00 4 baxış
Filmdən sonra: "La La Land" - Reallıqlar və xəyal dünyamız...
Turanə Hüseynli yazır... Məncə, xəyallar və paralel ehtimallar üzərində çəkilmiş ən yaxşı filmlərdən biri "La La Land"dır. Bu konteksti filmin ən gözəl oxunuşlarından biri hesab edirəm. Film zahirən sevgi hekayəsidir, amma alt qatında daha dərin bir sual var: "Seçmədiyimiz həyatda nə baş verərdi?" Bəzən insan bir həyatı yaşayır, başqa bir həyatı isə içində daşıyır. Verdiyimiz qərarlar bizi bir yola çıxarır, amma seçmədiyimiz yollar tamamilə yox olmur: onlar bəzən bir mahnıda, bir küçədə, tanış bir baxışda, illər sonra təsadüfən qarşılaşdığımız bir insanda yenidən canlanır. Filmin finalındakı məşhur epiloq məhz ona görə bu qədər güclüdür. "Mia" "Sebastian"ı görəndə film bir neçə dəqiqəlik reallıqdan çıxıb başqa bir ehtimala keçir: əgər "Sebastian" həmin axşam fərqli davransaydı, münasibətlərini karyeralarına qurban verməsəydilər, əgər yollar ayrılmasaydı... Damien Chazellenin "La La Land"ı məhz bu sualın ətrafında qurulan, xəyal ilə reallığın sərhədini incə şəkildə silən filmdir. İlk baxışda qarşımızda klassik bir sevgi hekayəsi var: "Mia" aktrisa olmaq istəyir, "Sebastian" isə öz caz klubunu açmaq arzusundadır. İkisi də Los-Ancelesə böyük xəyallarla gəlib. İkisi də rədd cavabları, uğursuzluqlar, maddi çətinliklər və özünə inamın sarsıldığı anlarla mübarizə aparır. Sonra yolları kəsişir və bir müddət onların arzuları da, həyatı da bir-birinə qarışır. Amma "La La Land" sadəcə iki insanın bir-birini sevməsi haqqında film deyil. Əslində o, insanın arzuları uğrunda nəyi itirməyə hazır olması haqqındadır. Filmin əks etdirdiyi dünya əvvəlcə gerçək həyatdan daha gözəl görünür. İnsanlar tıxacın ortasında avtomobillərindən düşüb rəqs edir, Los-Anceles gecələri sonsuz görünür, şəhərin işıqları sevgiyə fon olur, iki insan planetariumda caz musiqisinin müşayiəti ilə sanki cazibə qüvvəsini unudaraq havaya qalxır. Bütün bunlar "La La Land"ın reallığı olduğu kimi göstərmək niyyətində olmadığını hiss etdirir. Film daha çox həyatı xatırladığımız, arzuladığımız və xəyal etdiyimiz formada göstərir. Biz onların yaşaya biləcəyi başqa bir həyatı görürük. Bu, klassik mənada elmi-fantastik "paralel kainat" deyil; daha çox insanın zehnində yaşayan alternativ zaman xəttidir. Məncə, filmin ən kədərli, eyni zamanda ən yetkin tərəfi də budur: o alternativ həyat pis deyil, hətta mükəmməldir. Amma real həyatda "Mia" öz arzusuna çatıb, "Sebastian" da öz klubunu açıb. Yəni film bizə "yanlış seçim etdilər" demir. Əksinə, deyir ki, bəzən doğru seçimlərin belə bir itki qiyməti olur. Final baxışında bütün film toplanır: "Səninlə başqa bir həyatda çox xoşbəxt ola bilərdik. Amma bu həyatda da yaşadığımız şey boşuna deyildi". Buna görə "La La Land" mənim üçün də "kaş ki…" hissini kinoda ən gözəl vizuallaşdıran filmlərdən biridir. Xəyal ilə reallığı qarşı-qarşıya qoymur; göstərir ki, hər ikisi eyni anda insanın içində yaşaya bilər. Hətta "La La Land" mənə bir az "reallığın içində qurulmuş gözəl bir xəyal dünyası" kimi gəlir. Və bəlkə də insanın içində ən uzun yaşayan hekayələr məhz bunlardır: baş verməyən, amma bir zamanlar baş verə biləcəyinə ürəkdən inandığımız həyatların hekayələri…
Mənbə oxu.az

Oxşar Xəbərlər