Maraqlı

Alkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq

28 Aug 2026, 03:32 8 baxış
Alkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq
"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur". Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı həkim-psixiatr və narkoloq İlya Barna deyib. Mütəxəssis vurğulayıb ki, spirtli içkilər yuxunun tənzimlənməsində mühüm rol oynayan melatonin hormonunun istehsalını ləngidir. Narkoloqun sözlərinə görə, hətta az miqdarda alkoqol qəbulu belə bu hormonun istehsalını azalda bilər. "Xroniki istifadə halında bu proses daimi xarakter alır. Asılılığı olan şəxslər içkini tərk etdikdə, bu, ağır yuxusuzluğa səbəb olur və bəzən onu adi dərmanlarla aradan qaldırmaq çox çətin olur", - deyə mütəxəssis bildirib. Həkimin sözlərinə görə, alkoqol yuxunun REM fazasını zəiflədir. Məhz bu fazada beyin gün ərzində toplanan məlumatları emal edir və yaddaşı möhkəmləndirir. "Spirtli içki qandan tədricən çıxmağa başladıqda, beyin yaranmış çatışmazlığı kompensasiya etməyə çalışır və səhərə yaxın bir neçə aktiv REM fazası yaranır. Nəticədə insanda canlı yuxular, həddindən artıq tərləmə və taxikardiya müşahidə olunur. Bütün bunlar isə vaxtından əvvəl oyanmağa gətirib çıxarır", - deyə narkoloq qeyd edib. Həkim xəbərdarlıq edib ki, alkoqoldan yuxu dərmanı kimi istifadə etmək "borca alınmış yuxu" kimidir və gec-tez bunun əvəzi ödənilməlidir. "Yuxu rejimi kəskin şəkildə pozulur. Hətta xəstə remissiya dövrünə qədəm qoyduqda belə, bəzi hallarda yuxunun bərpası aylarla vaxt aparır. Yuxunun strukturu pozulduğundan, insan səhərlər özünü yorğun və əzgin hiss edir. Axşam yenidən yata bilmək üçün onun bir daha içkiyə müraciət etmə ehtimalı artır və proses təkrarlanır. Bu, əsl qüsurlu dairədir", - deyə həkim sözlərini yekunlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər