Maraqlı

Məktəbli forması seçərkən nələrə diqqət etməli? - Mütəxəssis məsləhəti

28 Aug 2026, 03:00 4 baxış
Məktəbli forması seçərkən nələrə diqqət etməli? - Mütəxəssis məsləhəti
Keyfiyyətli məktəbli forması havanı yaxşı keçirməli, nəmi özünə çəkməli və tərkibində formaldehid kimi təhlükəli kimyəvi maddələr olmamalıdır. Uşaqlar üçün köynək və şalvarların tam pambıq materialdan seçilməsi tövsiyə edilir. Pencək və ətəklərdə isə müəyyən miqdarda sintetik liflərin olması məqbuldur. Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı mütəxəssis, geologiya-mineralogiya elmləri namizədi Vadim Rukavitsın məlumat verib. Onun sözlərinə görə, geyimin ekoloji cəhətdən təmiz olması yalnız təbii materiallardan hazırlanması demək deyil. Əsas məsələ parçanın həm uşaq, həm də ətraf mühit üçün təhlükəsiz olmasıdır. "Əsas göstəricilərdən biri parçanın hava keçirməsi və hiqroskopikliyidir. Əgər material havanı pis keçirirsə və nəmi özünə çəkmirsə, uşaq daha tez tərləyə və yorula bilər. Dərinin davamlı qıcıqlanması isə müxtəlif dəri xəstəliklərinin yaranmasına zəmin yaradır", - deyə ekspert bildirib. Bununla yanaşı, geyimin 100 faiz təbii parçadan olması həmişə ideal seçim sayılmır. Pambıq və yun havanı yaxşı keçirsə də, tez qırışır, aşınır və formasını itirir. Tamamilə sintetik materiallar isə hava dövranını məhdudlaşdıraraq "termos" effekti yarada bilər. Məhz buna görə də geyimin müxtəlif hissələrində təbii və sintetik liflərin uyğun nisbətdə birləşdirilməsi məsləhət görülür. Ekspert köynək və bluzlar üçün pambıq material seçməyi tövsiyə edir. Çünki bu geyimlər dəri ilə birbaşa təmasda olur. Pencək və ətəklərdə isə poliesterin olmasına icazə verilir. Bu, geyimin davamlılığını artırır. Lakin mütəxəssisin fikrincə, sintetik liflərin miqdarı çox olmamalıdır və 35 faizdən artıq olmamalıdır. Pencəklərin astarı üçün isə hava dövranını yaxşılaşdıran pambıq və ya viskoza daha uyğundur. "Parçanın kimyəvi təhlükəsizliyi də böyük əhəmiyyət daşıyır. Materialın tərkibində geyimlərin istehsalı və emalı zamanı istifadə olunan sərbəst formaldehid və digər potensial zərərli maddələr olmamalıdır. Geyimdən gələn kəskin kimyəvi qoxu da həmin məhsuldan imtina etmək üçün səbəbdir", - deyə ekspert əlavə edib. Mütəxəssis həmçinin parçanın elektriklənmə xüsusiyyətinə xüsusi diqqət yetirməyə çağırıb. Güclü statik elektrik yükünün toplanması materialın dəriyə yapışmasına və uşaqda narahatlıq hissinin yaranmasına səbəb ola bilər.
Məktəbli forması seçərkən nələrə diqqət etməli? - Mütəxəssis məsləhəti
Mənbə oxu.az

Oxşar Xəbərlər