Vatsapa yeni funksiya gəlir
Vatsap istifadəçilərinin hesablarının təhlükəsizliyini gücləndirmək üçün yeni funksiya tətbiq edəcək.
Axar.az xəbər verir ki, bu barədə “GSMArena” portalı məlumat yayıb.
Məlumata görə, iki addımlı doğrulamada istifadə edilən altı rəqəmli PIN kod hərflər, rəqəmlər və xüsusi simvollardan ibarət tam parolla əvəz olunacaq.
Portalın məlumatına görə, bu, hesabların sındırılmasını daha da çətinləşdirəcək.
Messencer həmçinin əlaqə siyahısında olmayanların zəngləri üçün yeni məlumatlar da əlavə edəcək. İstifadəçilər, məsələn, nömrənin başqa ölkədə qeydiyyatdan keçib-keçmədiyini və zəng edən şəxslə bir qrupda olub-olmadığını görə biləcəklər.
Bu funksiya hazırda yalnız “Android”də mövcuddur.
Vatsap həmçinin istifadəçiləri barmaq izi, üz tanıma və ya cihaz kilidi kodundan istifadə edərək hesablarına daxil olmağa imkan verən parol açarlarını quraşdırmağa təşviq edir.
Məlumata görə, artıq 1 milyarddan çox istifadəçi bu funksiyanı quraşdırıb.
İndi birdən çox giriş açarını tək bir hesaba bağlaya bilərsiniz ki, bu da həm Android, həm də iOS cihazlarının sahiblərinin işini asanlaşdıracaq.