Siyasət

PKK-dan sonra YPG də ləğv edildi: "Terrorsuz Türkiyə" prosesində YENİ MƏRHƏLƏ

26 Aug 2026, 19:00 3 baxış
PKK-dan sonra YPG də ləğv edildi: "Terrorsuz Türkiyə" prosesində YENİ MƏRHƏLƏ
PKK-nın ləğvinin ardından təşkilatın Suriya qolu YPG/SDG ilə adıçəkilən ölkənin hakimiyyəti arasında aylardır davam edən danışıqlarda yeni mərhələ başlayıb. Təşkilatın lideri Mazlum Abdi YPG/SDG-nin ləğv edildiyini və Suriya dövlətinə tam şəkildə inteqrasiya olunduğunu açıqlayıb. Bununla yanaşı, Türkiyədə Milli Həmrəylik və İctimai Bütövləşmə Koordinasiya Şurasının ilk iclası keçirilib. İclasdan sonra verilən açıqlamada bildirilib ki, Türkiyənin və regionun terrorçulardan tamamilə təmizlənməsi, zorakılıq və silahların gündəmdən tamamilə çıxarılması, eləcə də qardaşlıq mühitinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən proses mühüm mərhələyə çatıb. Proses ölkə daxilində ictimai sülhü və bütövləşməni möhkəmləndirməklə yanaşı, sərhədlərdən kənardakı qeyri-sabitliklərə qarşı regionun sülh, rifah və təhlükəsizlik məkanına çevrilməsinə xidmət edəcək. Gedişatın hüquqi bazasını formalaşdıran 7595 saylı Qanunun 18 avqust 2026-cı ildə qüvvəyə minməsi ilə əlaqədar inzibati mexanizmlər də işə salınıb. İlk iclasda Şuranın fəaliyyət prinsipləri və prosesə cəlb olunan bütün dövlət qurumlarının həyata keçirəcəyi işlərin ən yüksək səviyyədə əlaqələndirilməsi məsələləri ətraflı müzakirə olunub və 4 alt komissiya yaradılıb. Məlumata görə, Türkiyə dövləti bütün qurumları ilə tam koordinasiya şəraitində ictimai bütövləşməni gücləndirəcək bu tarixi addımları qətiyyətlə həyata keçirməyə davam edəcək. Bəs, "Terrorsuz Türkiyə" prosesində yeni dövr siyasətindən gözləntilər nələrdir? Mövzu ilə bağlı Oxu.Az-a danışan türkiyəli hüquqşünas Semra Ilık bildirib ki, Türkiyə uzun illərdir davam edən mühüm bir məsələnin həlli baxımından yeni bir mərhələyə qədəm qoyur:
"İctimaiyyətdə "Çərçivə qanunu" kimi tanınan tənzimləmənin 18 avqust 2026-cı il tarixində qüvvəyə minməsi və ardından onun çərçivəsində yaradılan Monitorinq və Qiymətləndirmə Şurasının ilk iclasını keçirməsi prosesin artıq yalnız siyasi iradə və ya müzakirə olmaqdan çıxaraq hüquqi müstəviyə keçdiyini göstərir. Zənnimcə, bu mərhələ Türkiyə üçün yalnız bu günü deyil, gələcəyi də maraqlandıran mühüm bir keçiddir". "İlk növbədə, bu məqamları bir-birindən fərqləndirməyin vacib olduğunu düşünürəm. Türkiyədə türklər və kürdlər arasında hüquqi anlamda hər hansı bərabərsizliyin olduğunu iddia etmək doğru deyil. Hamımız eyni ölkənin vətəndaşıyıq və eyni hüquqi nizama tabeyik. Kürd vətəndaşlarımız bu gün öz dillərindən istifadə edə, öz dillərində yayımlanan televiziya kanallarını, radioları və verilişləri izləyə bilirlər. Təhsil sahəsində də kürd dili müəyyən təhsil pillələrində seçmə fənn kimi tədris olunur. Dolayısı ilə bu gün müzakirə etməli olduğumuz məsələ yeni bir bərabərlik axtarışı deyil, illər ərzində türklər və kürdlər arasında yaranmış siyasi və ictimai məsafənin, soyuqluğun artıq tamamilə aradan qaldırılmasıdır", - hüquqşünas vurğulayıb. Onun sözlərinə görə, "Çərçivə Qanunu"nun ən mühüm tərəflərindən biri də illərdir siyasi müstəvidə müzakirə edilən bir məsələnin artıq konkret şərtlərə, qurumlara və hüquqi nəticələrə bağlanmasıdır: "Bu baxımdan qanunun yalnız siyasi iradəni nümayiş etdirməklə kifayətlənməyib, prosesin necə izləniləcəyini, hansı qurumların məsuliyyət daşıyacağını və müəyyən şərtlərin reallaşacağı təqdirdə hansı hüquqi nəticələrin ortaya çıxacağının müəyyənləşdirməsi çox vacibdir. Qanunun bəzi istintaq və təqiblər, eləcə də müəyyən məhkumluqların icrası ilə bağlı təxirəsalma mexanizmlərini nəzərdə tutması da bu hüquqi çərçivənin bir hissəsidir. Lakin bunların qanunda açıq şəkildə göstərilən şərtlərə və qaydalara bağlanması prosesin hüquqi dövlət prinsipləri daxilində, proqnozlaşdırıla və nəzarət oluna bilən şəkildə idarə olunması üçün xüsusi əhəmiyyət kəsb edir". "Bununla yanaşı, mən bu prosesin ən mühüm təzahürlərindən birinin siyasi sahədə özünü göstərəcəyini düşünürəm. Çünki burada yeni bir hüquqi bərabərlik bərqərar etməkdən ziyadə, onsuz da eyni vətəndaşlıq çətiri altında yaşayan türklər və kürdlər arasında illərdir davam edən siyasi məsafənin aradan qaldırılması müzakirə mövzusudur. Bu məsafənin azalması, ortaq gələcək ideyasının güclənməsi və cəmiyyətdəki etimad mühitinin möhkəmlənməsi Türkiyə siyasətinə birbaşa və müsbət təsir göstərəcək. Xüsusilə önümüzdəki dövrdə bu prosesin siyasi müstəvidə ciddi əks-səda doğuracağı qənaətindəyəm. "Çərçivə Qanunu"nun Türkiyədə daha geniş siyasi konsensusun, daha sakit siyasi mühitin və ortaq gələcək ideyasının güclənməsinə töhfə verəcəyinə inanıram", - müsahibimiz diqqətə çatdırıb. S.Ilık əlavə edib ki, onun üçün ən mühüm məsələlərdən biri türklər və kürdlərin bir-birindən ayrılması deyil, zatən var olan ortaq vətəndaşlıq bağının daha da möhkəmləndirilməsidir: "İllərdir eyni ölkədə yaşayan, eyni şəhərləri bölüşən, eyni məktəblərdə oxuyan, eyni iş yerlərində çalışan insanların aralarındakı keçmişdən qalan siyasi və ictimai məsafələrin artıq sona çatmalı olduğuna inanıram. Hamımızın ortaq bir keçmişi olduğu kimi, ortaq bir gələcəyi də var. Buna görə də artıq bir-birimizə keçmişin qorxuları və siyasi mübahisələri üzərindən deyil, eyni ölkənin gələcəyini birlikdə quracaq insanlar kimi baxmağı bacarmalıyıq. Bu məqamda prosesin yalnız siyasi bəyanatlarla deyil, hüquq və təsisatlar vasitəsilə idarə olunmasını da son dərəcə vacib hesab edirəm. Qalıcı həll yolu aydın hüquqi zəmindən keçir. "Çərçivə Qanunu"nun gətirdiyi monitorinq və əlaqələndirmə mexanizmi, prosesin müvafiq qurumlar tərəfindən həyata keçirilməsi də bu baxımdan mühümdür. Növbəti mərhələdə əsas məsələ ortaya qoyulmuş hüquqi çərçivənin hüquqi dövlət prinsiplərinə sadiqlik, şəffaflıq, proqnozlaşdırıla bilmə və cəmiyyətin bütün təbəqələrində etimad yaratmaq anlayışı ilə tətbiq olunmasıdır. Mənim gözləntim bu prosesin yalnız bu günün siyasi gündəmini deyil, gələcək nəsillərin də bir-birinə baxışını dəyişdirməsidir".
PKK-dan sonra YPG də ləğv edildi: "Terrorsuz Türkiyə" prosesində YENİ MƏRHƏLƏ PKK-dan sonra YPG də ləğv edildi: "Terrorsuz Türkiyə" prosesində YENİ MƏRHƏLƏ
Mənbə oxu.az

Oxşar Xəbərlər