Siyasət
Bakı-Daşkənd müttəfiqliyində YENİ DÖVR: Türk dünyasının güc xətti möhkəmlənir
"Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin ardıcıl şəkildə inkişaf etdirilməsi təşkil edir. Bu kontekstdə Özbəkistan Respublikası ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva Prezident İlham Əliyevin Özbəkistana səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız dövlətlərarası əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, dərin tarixi, mədəni və mənəvi bağlara söykənən qardaşlıq münasibətlərinin siyasi və diplomatik müstəvidə strateji tərəfdaşlığa, daha sonra isə müttəfiqliyə çevrilməsinin nümunəsi kimi çıxış edir: "İki xalqı ortaq tarix, dil, din, mədəniyyət, adət-ənənələr və mənəvi dəyərlər birləşdirir. Məhz bu möhkəm təməl Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafına xüsusi dayanıqlılıq qazandırır. Ölkələrimiz beynəlxalq və regional əhəmiyyət daşıyan məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşır, qarşılıqlı dəstək nümayiş etdirir və münasibətlərin yeni istiqamətlər üzrə genişləndirilməsində siyasi iradə ortaya qoyurlar. Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. Heydər Əliyevin uzaqgörən xarici siyasət strategiyasında Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tuturdu. Bu siyasət Azərbaycanın tarixi və mədəni yaxınlıq əsasında regional əməkdaşlıq imkanlarını genişləndirməsinə şərait yaratdı. ulu öndərin 18-19 iyun 1997-ci ildə Özbəkistana rəsmi səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsinə, əlaqələrin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verdi. Bu baxımdan, Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü dinamikasını yalnız son illərin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Mövcud yüksək səviyyəli əlaqələrin təməlində illər ərzində formalaşdırılmış siyasi etimad, qarşılıqlı hörmət və ardıcıl dövlət siyasəti dayanır. Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə görünməmiş dinamika qazanması, ilk növbədə, iki ölkə prezidentlərinin siyasi iradəsi və şəxsi münasibətləri ilə bağlıdır. Prezident cənab İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi diqqət yetirməsi nəticəsində ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib". Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qarşılıqlı etimad və hörmətə əsaslanan yüksək səviyyəli siyasi dialoq əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə mühüm impuls verib: "Son beş ildə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi də bunu aydın şəkildə göstərir. Prezident cənab İlham Əliyevin Özbəkistana iki dövlət və dörd işgüzar səfər etməsi, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycana iki dövlət və yeddi işgüzar səfərinin baş tutması münasibətlərin siyasi çəkisinin göstəricisidir. Diplomatiyada yüksək səviyyəli qarşılıqlı səfərlər yalnız protokol xarakterli tədbir deyil. Bu səfərlər siyasi etimadın möhkəmləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, strateji qərarların qəbul edilməsi və əldə olunmuş razılaşmaların icrasına siyasi nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan prezidentləri arasında formalaşmış etibarlı siyasi dialoq da məhz belə institusional və strateji əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biridir. Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsi özünü yalnız siyasi bəyanatlarda deyil, həm də geniş hüquqi-sənəd bazasında göstərir. Son illərdə imzalanmış mühüm sənədlər arasında "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə", "Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə" və "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" xüsusi əhəmiyyət daşıyır". M.Vəliyeva əlavə edib ki, bu sənədlər iki ölkə arasında münasibətlərin siyasi-hüquqi çərçivəsini daha da möhkəmləndirməklə yanaşı, gələcək əməkdaşlığın istiqamətlərini də müəyyən edir: "Xüsusilə müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında tarixi mərhələ kimi qiymətləndirilə bilər. Çünki bu sənəd qarşılıqlı münasibətləri sadəcə dostluq və strateji tərəfdaşlıq səviyyəsində deyil, daha yüksək siyasi etimad və qarşılıqlı dəstək müstəvisində rəsmiləşdirir. Beləliklə, iki ölkə arasında münasibətlər təsadüfi və situativ xarakter daşımır. Əksinə, onlar konkret sənədlərlə möhkəmləndirilmiş, institusional mexanizmlərlə dəstəklənən və uzunmüddətli perspektivə hesablanmış strateji xarakter daşıyır. Azərbaycan-Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri əməkdaşlığın çoxşaxəli xarakter daşımasıdır. Siyasi və diplomatik əlaqələrlə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, humanitar sahə, təhsil, mədəniyyət və digər istiqamətlərdə qarşılıqlı əlaqələr genişlənir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətlər, həm də daha geniş regional inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe və Özbəkistanın Mərkəzi Asiyanın mühüm iqtisadi və siyasi mərkəzlərindən biri olması iki ölkənin nəqliyyat və logistika imkanlarının əlaqələndirilməsinə əlavə perspektivlər yaradır. Orta Dəhlizin inkişafı, Şərq-Qərb nəqliyyat əlaqələrinin genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından Azərbaycan-Özbəkistan əməkdaşlığı xüsusi potensiala malikdir. Bu əməkdaşlıq eyni zamanda Türk dünyasının iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın münasibətlərini fərqləndirən mühüm cəhətlərdən biri də ən vacib məsələlərdə nümayiş etdirilən qarşılıqlı siyasi dəstəkdir". Millət vəkili əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni reallıqlar fonunda Özbəkistanın Azərbaycana göstərdiyi qardaş münasibəti xüsusi qiymətə malikdir: "Eyni zamanda Azərbaycan da Özbəkistanın regional və beynəlxalq təşəbbüslərinə daim dəstək nümayiş etdirir. Bu qarşılıqlı dəstək iki dövlət arasında münasibətlərin yalnız milli maraqlar səviyyəsində deyil, daha geniş regional və beynəlxalq platformalarda da uzlaşdırıldığını göstərir. Məhz belə qarşılıqlı etimad mühiti Azərbaycan və Özbəkistanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin mövqelərinə həssas və konstruktiv yanaşmasına imkan yaradır. Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü mərhələsini xarakterizə edən əsas məqam ondan ibarətdir ki, tarixi və mənəvi yaxınlıq artıq konkret siyasi, iqtisadi və institusional əməkdaşlıq mexanizmləri ilə tamamlanır. Bu münasibətlərdə emosional və mənəvi bağlar mühüm rol oynasa da, onların davamlılığını təmin edən əsas amillərdən biri də qarşılıqlı milli maraqların uzlaşmasıdır. Hər iki ölkə regional sabitlikdə, iqtisadi inkişafda, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsində, investisiya əməkdaşlığında və Türk dünyasının daha sıx inteqrasiyasında ortaq maraqlara malikdir. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətləri yalnız ikitərəfli əməkdaşlığın deyil, daha geniş regional əməkdaşlıq modelinin mühüm elementinə çevrilir. Münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi qarşıdakı dövr üçün daha geniş əməkdaşlıq imkanları yaradır. İndi əsas vəzifə əldə olunmuş siyasi razılaşmaların və imzalanmış sənədlərin praktiki nəticələrə çevrilməsini, iqtisadi və humanitar əlaqələrin daha da dərinləşdirilməsini təmin etməkdir. Xüsusilə qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının daha səmərəli əlaqələndirilməsi, təhsil və elm sahəsində mübadilələrin gücləndirilməsi iki ölkənin əməkdaşlığının yeni mərhələsinin əsas istiqamətləri sırasında yer ala bilər. Eyni zamanda xalqlar arasında humanitar əlaqələrin genişləndirilməsi, mədəni layihələrin artırılması və gənclər arasında təmasların gücləndirilməsi münasibətlərin uzunmüddətli perspektivdə daha da möhkəmlənməsinə xidmət edəcək". Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın qarşısında həm də Türk dünyasının inteqrasiya proseslərinə daha böyük töhfə vermək imkanları dayanır: "İki ölkənin siyasi iradəsi, iqtisadi potensialı və regional imkanları bu istiqamətdə mühüm nəticələrin əldə edilməsinə şərait yaradır. Azərbaycan-Özbəkistan münasibətləri tarixi dostluğun müasir diplomatiyanın imkanları ilə birləşdiyi uğurlu dövlətlərarası əməkdaşlıq nümunəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xətt Prezident cənab İlham Əliyevin siyasi iradəsi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konstruktiv yanaşması nəticəsində yeni məzmun və dinamika qazanıb. Bu gün Azərbaycan və Özbəkistan münasibətləri sadəcə dostluq çərçivəsində deyil, müttəfiqlik səviyyəsində inkişaf edir. İmzalanmış mühüm sənədlər, qarşılıqlı yüksək səviyyəli səfərlər, artan siyasi dialoq və genişlənən iqtisadi-humanitar əməkdaşlıq bu münasibətlərin strateji xarakterini təsdiqləyir. Ən başlıcası isə Azərbaycan və Özbəkistan arasında münasibətlərin möhkəm təməli xalqlarımızın qəlbində formalaşmış qardaşlıq hissləridir. Dövlətlərarası əlaqələrin siyasi-hüquqi mexanizmlərlə möhkəmləndirilməsi isə bu qardaşlığın uzunmüddətli və dayanıqlı strateji tərəfdaşlığa çevrilməsinə imkan yaradır. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri iki qardaş dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsinə, Türk dünyasının birliyinin möhkəmlənməsinə və regionda sülh, sabitlik və rifahın təmin olunmasına mühüm töhfə verən strateji amillərdən biridir".
Mənbə
oxu.az