İdman
Futbolda yeni cəbhə açılır: Avropa və Amerika komandaları eyni yarışda
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyası (KONKAKAF) birgə Millətlər Liqasının yaradılması variantını fəal şəkildə nəzərdən keçirir. Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu addım dünya çempionatının hüquqlarının bir hissəsini satmaq təklifi fonunda Beynəlxalq Futbol Federasiyaları Assosasiyasının (FIFA) hazırkı prezidenti Canni İnfantinoya qarşı yönəlmiş bir etiraz jesti kimi qiymətləndirilir. Nəhəng turnirdə UEFA və KONKAKAF-a daxil olan bütün 96 yığma komandanın iştirak edəcəyi gözlənilir. Yenilənmiş Millətlər Liqasının ilk mövsümünə artıq 2028-ci ildə start verilə bilər: payızda qrup mərhələsi, martda pley-off, iyunda isə final mərhələsi keçiriləcək. İki ildən bir təşkil olunacaq yarışın yeni strukturu hazırkı formatla oxşarlıq təşkil edəcək və yığmalar liqalara bölünəcək. Nümunə olaraq, A Liqasında Avropanı təmsil edən İspaniya, İngiltərə, Fransa və Almaniya ilə yanaşı, Şimali Amerikadan ABŞ, Meksika və Kanada yığmaları da mübarizə apara bilər. Hazırda hər iki konfederasiyada Millətlər Liqası matçları yığmaların oyunları üçün ayrılmış eyni beynəlxalq pəncərələrdə keçirilir ki, bu amil də yeni turnirin yaradılmasını əhəmiyyətli dərəcədə asanlaşdırır. Digər tərəfdən, təşkilat daxilindəki ümumi vəziyyət fonunda FIFA-nın bu irimiqyaslı turniri təsdiqləyib-təsdiqləməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Mənbə
oxu.az