Cəmiyyət
Şəmkirdə 6 nəfərin həlak olduğu qəzada xəsarət alan BEŞYAŞLI UŞAQ DA ÖLDÜ
Avqustun 17-də Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan daha biri həyatını itirib. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 17-də Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2021-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bud sümüyünün sınığı, beyinin diffuz travması, başın digər hissələrinin bərk əzilməsi diaqnozları təyin olunan azyaşlının aparılan reanimasiya tədbirlərinə baxmayaraq, avqustun 21-də saat 07:50-də bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda vurğulanıb. Xatırladaq ki, Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzada altı nəfər həyatını itirmiş, yeddi nəfər xəsarət almışdı.
Mənbə
oxu.az