Siyasət
Zaxarova: "Axtarışa verilən rusiyalı jurnalistlərin bəyanatları Moskvanın mövqeyini əks etdirmir"
"Azərbaycan Baş Prokurorluğu tərəfindən respublikanın konstitusiya quruluşunu zorakılıqla devirməyə çağırış ittihamı ilə axtarışa verilən rusiyalı jurnalistlərin bəyanatları Rusiyanın Bakıya münasibətdə rəsmi mövqeyini əks etdirmir". Oxu.Az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, həmin şəxslərin rəylərinin Moskvanın dövlət xətti ilə heç bir əlaqəsi yoxdur. "Biz hesab edirik ki, Rusiya-Azərbaycan əlaqələri mövcud ikitərəfli müqavilə-hüquq bazası, ilk növbədə, 22 fevral 2022-ci il tarixində Moskvada ali səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir", - deyə diplomatik idarənin saytında dərc olunan bəyanatda vurğulanır. Xatırladaq ki, Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Bildirilib ki, istintaq zamanı Rusiya Federasiyasının vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi fəaliyyət göstərən Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib. * Qonşunun elə hey bizə tərəf hürən itləri… - VİDEO * Üç rusiyalı və onların ölkəmiz haqqında səsləndirdiyi hədyanlar - VİDEO * Azərbaycanın axtarışa verdiyi Çadayev nazirlikdəki vəzifəsindən getdi - FOTO Belə ki, həmin şəxslərin 14 iyul 2026-cı il tarixində "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsinə, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etdikləri müəyyən olunub. Bundan başqa, həmin şəxslərin avqustun 13-də eyni kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsinə, o cümlədən ayrı-ayrı şəxslərin fiziki məhvetmə təhlükəsi altında saxlanılmasına və ünvanlı şəkildə sıradan çıxarılmasına dair fikirlər səsləndirdikləri, bununla da terrorçuluğa açıq çağırışlar etdikləri müəyyənləşdirilib. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində axtarış elan edilib və məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər