Dünya

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: Ölənlər və yaralılar var - FOTO - VİDEO

14 Aug 2026, 13:24 2 baxış
Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: Ölənlər və yaralılar var - FOTO - VİDEO
Rusiya qoşunları ötən sutka ərzində Ukraynanın Sumı, Dnepropetrovsk, Xarkov, Zaporojye və Donetsk vilayətlərinə zərbələr endirib. Oxu.Az "İnterfaks-Ukraina"ya istinadən xəbər verir ki, hücumlarla bağlı təfərrüatı müvafiq bölgələrin hərbi administrasiya rəhbərləri - Oleq Qriqorov, Aleksandr Qanja, İvan Fyodorov, eləcə də Xarkov və Donetsk vilayətlərinin rəsmiləri Oleq Sinequbov və Vadim Filaşkin açıqlayıblar.

Bildirilir ki, həyata keçirilən hücumlar nəticəsində üç nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sumı vilayətində Rusiya qoşunları səhər saatlarında Burin icmasındakı fərdi yaşayış evinə reaktiv pilotsuz uçuş aparatları ilə iki zərbə endirib. Bina ciddi zədələnib, yanğın baş verib. 29 yaşlı qadın və onun doqquz yaşlı oğlu həlak olublar. Daha dörd nəfər xəsarət alıb, onlardan ikisi - həlak olan oğlanın atası və nənəsi ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dnepropetrovsk vilayətinə endirilən 10-dan çox zərbə nəticəsində dörd nəfər, o cümlədən 14 yaşlı qız və 16 yaşlı gənc xəsarət alıblar. Kənd təsərrüfatı müəssisəsi, fərdi ev və avtomobillər zədələnib. Xarkov vilayətində Rusiya qoşunları sutka ərzində Xarkova və 16 yaşayış məntəqəsinə zərbələr endirib. Beş nəfər xəsarət alıb. Zaporojye vilayətində iki nəfər yaralanıb. Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətindəki Kramatorsk şəhərinə və yaxınlıqdakı Belenke kəndinə endirdiyi aviazərbələr nəticəsində bir nəfər həlak olub, 15 nəfər yaralanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər