Dünya
Paşinyan: "Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər"
"Azərbaycanlı mütəxəssislər Ermənistan ərazisində təhlil işləri aparıblar". Oxu.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu barədə məlumatlar hələ 2025-ci il sentyabrın 5-də və 2026-cı ilin yanvar ayında ictimaiyyətə açıqlanıb. "Bütün müzakirələr həmin danışıqlar çərçivəsində baş tutub və təbii ki, biz daha əvvəl də onların elektrik verilişi xətlərinin, boru kəmərlərinin, kabellərin və dəmir yolunun çəkilişi məsələləri üzərində çalışdıqlarını, ikitərəfli işin aparıldığını bildirmişdik", - deyə o qeyd edib. O, həmçinin Azərbaycanla enerjidaşıyıcılarının ticarəti məsələsinə də toxunub. Paşinyan burada iki istiqamətin nəzərdən keçirilməli olduğunu vurğulayıb. "Son vaxtlar biz Ermənistanın enerji ehtiyatlarının bolluğundan danışırdıq, lakin indi süni intellekt zavodlarının sürətlə inkişaf etməsi və təsəvvürlərimizi aşan həcmdə enerji istehlak etməsi səbəbindən Ermənistanın əlavə elektrik enerjisinə ehtiyacı ola biləcəyini qeyd etməliyik", - deyə hökumət rəhbəri əlavə edib. Eyni zamanda, baş nazir Ermənistanın strategiyasının yüz faizlik enerji müstəqilliyinə nail olmaqdan ibarət olduğunu, lakin bunun Ermənistanın beynəlxalq enerji ticarəti bazarından kənarda qalacağı demək olmadığını açıqlayıb. "Bəzən biz ixrac, bəzən isə idxal edə bilərik, bu sıraya Azərbaycanla elektrik enerjisinin idxalı və ixracı sahəsində əməkdaşlıq da daxildir", - deyə Paşinyan sözlərini yekunlaşdırıb. Xatırladaq ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində enerji sektoruna toxunaraq, TRIPP layihəsi çərçivəsində Azərbaycan mütəxəssislərinin Ermənistan ərazisində tədqiqat apardıqlarını və elektrik verilişi xətlərinin dayaqlarının quraşdırıla biləcəyi yerləri müəyyənləşdirdiklərini bildirmişdi.
Mənbə
oxu.az