Dünya
Livan ən böyük amnistiyaya hazırlaşır: Səkkiz min nəfər azadlığa çıxacaq
Livan parlamenti ölkədə 1990-cı ildə vətəndaş müharibəsinin bitməsindən bu yana ən genişmiqyaslı ümumi amnistiya və cəza müddətlərinin azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə "Arab News" agentliyi məlumat yayıb. Hazırda Livanın cəzaçəkmə müəssisələrində müxtəlif qanunpozmalar üzrə ittiham edilən 8 minə qədər məhkum və məhkəmə hökmünü gözləyən şəxs saxlanılır. Yeni qanuna görə, məhkəmə prosesi davam etsə belə, hakimlər 14 ildən artıq müddətdə barəsində hökm çıxarılmadan həbsdə saxlanılan şəxsləri azadlığa buraxmalıdırlar. Bununla yanaşı, cəzasını çəkmiş, lakin təyin olunmuş cərimələri ödəmək imkanı olmadığı üçün həbsxanada qalan şəxslər də bu hüquqdan yararlanacaqlar. Amnistiya aktı müəyyən istisnalara və ya residivistlərlə bağlı hüquqi qaydalara zidd olmayan hallarda, oğurluq, eləcə də narkotik vasitələrin istifadəsi və bununla bağlı bəzi cinayətlər üzrə məhkum olunmuş şəxsləri əhatə edir. Qanun, həmçinin hazırda ölkə hüdudlarından kənarda yaşayan bəzi Livan vətəndaşları kateqoriyalarına geri dönmək hüququ verir. Lakin qeyd etmək lazımdır ki, terrorçuluq, hərbi cinayətlər, vətənə xəyanət, casusluq və bir sıra digər xüsusilə ağır cinayət əməlləri bu amnistiyanın təsir dairəsinə daxil deyil.
Mənbə
oxu.az