Dünya
Kolumbiyada zəlzələnin fəsadlarına görə iqtisadi fövqəladə vəziyyət elan edilib
Kolumbiya Prezidenti Abelardo de la Esprielya dağıdıcı zəlzələnin vurduğu ziyanın aradan qaldırılması məqsədilə ölkədə iqtisadi sahədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı mətbuat konfransında çıxış edərkən məlumat verib. "Zərər çəkmiş ərazilərin bərpası prosesini sürətləndirmək son dərəcə vacibdir. Bu səbəbdən ölkə vətəndaşlarının diqqətinə çatdırıram ki, mövcud böhranı müvafiq şəkildə dəf etmək üçün iqtisadi sahədə fövqəladə vəziyyət rejiminin elan edilməsi barədə qərar qəbul etmişəm", - deyə o qeyd edib. Ölkə rəhbərinin sözlərinə görə, hökumət təbii fəlakət nəticəsində dağılan xəstəxanaların, təhsil müəssisələrinin, binaların, eləcə də yol və hava limanlarının bərpası məqsədilə həm daxili, həm də xarici ianələrin toplanacağı xüsusi bir fond təsis edəcək. "Bundan əlavə, fövqəladə vəziyyət rejimi investisiyaları təşviq edəcək, layihələrin icrası yolundakı maneələri aradan qaldıracaq və zərər çəkmiş bölgələrdə yeni iş yerlərinin açılmasına xidmət edəcək iqtisadi dirçəliş tədbirlərini də özündə ehtiva etməlidir", - deyə prezident əlavə edib. De la Esprielya, həmçinin hökumətin zərərçəkən vətəndaşlara birbaşa kömək və kiçik biznesə dəstək məqsədilə bir sıra tədbirlər görəcəyini də vurğulayıb. Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbində yerləşən Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7.4 maqnitudalı zəlzələ baş verib. Rəsmi qurumların son məlumatlarına əsasən, təbii fəlakət nəticəsində azı 265 nəfər həyatını itirib.
Mənbə
oxu.az