Dünya

"McDonald's" müştəri haqqında 515 səhifəlik dosye hazırlayıb

13 Aug 2026, 06:32 2 baxış
"McDonald's" müştəri haqqında 515 səhifəlik dosye hazırlayıb
ABŞ-nin "Wired" jurnalının əməkdaşı Ris Rocers "McDonald's" şirkətindən onun haqqında saxlanılan məlumatları tələb edib və nəticədə 515 səhifəlik fayl əldə edib. Oxu.Az "Wired" jurnalına istinadən xəbər verir ki, sənəddə sifariş tarixçəsindən əlavə, müştərinin gələcəkdə restoranlara neçə dəfə gedəcəyi və nə qədər pul xərcləyəcəyi ilə bağlı alqoritmlər tərəfindən hazırlanmış proqnozlar da yer alıb. Rocers bir neçə il ərzində ABŞ-də "McDonald's" tətbiqindən istifadə edib və "MyMcDonald's Rewards" loyallıq proqramına qoşulub. Kaliforniya sakini kimi o, yerli qanunvericiliyin verdiyi hüquqdan istifadə edərək şirkətdən özü haqqında toplanmış fərdi məlumatları tələb edib. Bir neçə gün sonra jurnalist restoran şəbəkəsinin loqotipi olan sənədi əldə edib. Müəllifin diqqətini keçmiş alış-verişlərlə bağlı məlumatlardan daha çox həmin məlumatlar əsasında hazırlanmış proqnozlar cəlb edib. Hesabata əsasən, Rocersin növbəti altı həftə ərzində "McDonald's"a 2.16 dəfə baş çəkməsi, hər sifarişə orta hesabla 13.49 dollar, ümumilikdə isə 29.15 dollar xərcləməsi proqnozlaşdırılıb. Hesabatda müştərinin şirkətdən uzaqlaşma göstəricisi də sıfır olub. Rocers hesab edib ki, sistem onu restoran şəbəkəsinin daimi müştərisi kimi qiymətləndirir və alış-verişdən imtina etmək niyyətində olmadığını düşünür. "Wired"in sorğusuna cavab olaraq "McDonald's"dan bildirilib ki, qüvvədə olan məxfilik siyasətinə əsasən, şirkət identifikasiya və əlaqə məlumatlarını, alış-veriş tarixçəsini, tətbiqdəki fəaliyyətləri və reklamlarla qarşılıqlı əlaqələri toplayır. Şirkətdən qeyd olunub ki, rəqəmsal xidmətlərdən istifadəyə dair bəzi identifikatorlar, məlumatlar və onların əsasında əldə edilən nəticələr reklam, analitika və sosial media sahəsindəki tərəfdaşlarla paylaşıla bilər. Bununla belə, "McDonald's" loyallıq proqramı çərçivəsində toplanan məlumatları ixtisaslaşmış fərdi məlumat satıcılarına açıqlamadığını bildirib. Hesabatı araşdırdıqdan sonra Rocers "McDonald's"ın məxfilik idarəetmə mərkəzi vasitəsilə məlumatlarının silinməsi üçün müraciət edib. O, həmçinin alqoritmin proqnozunun yanlış olduğunu yoxlamaq məqsədilə restoran şəbəkəsinə getməkdən imtina etmək qərarına gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər