Dünya
ABŞ-də "doğum turizmi" ilə mübarizə üzrə xüsusi şöbə yaradıldı
ABŞ Dövlət Departamentində övladlarının vətəndaşlıq əldə etməsi məqsədilə bu ölkədə doğuş həyata keçirməyə yönəlmiş "doğum turizmi" ilə mübarizə aparmaq üçün xüsusi şöbə yaradılıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət idarəsinin rəhbəri Marko Rubio "X" sosial şəbəkəsində yazıb. "Dövlət Departamenti viza sahiblərinin fəaliyyətini yoxlamaq, qanunsuz "doğum turizmi" şəbəkələrini dağıtmaq və ölkəmizin qanunlarından bu dəhşətli sui-istifadəyə son qoymaq üçün "doğum turizmi"nin qarşısının alınması üzrə xüsusi şöbə yaradıb", - deyə o qeyd edib. Onun sözlərinə görə, xüsusi şöbə yalnız bir ay ərzində bütün dünyada viza sahiblərinə verilmiş 600-dən çox vizanı ləğv edib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl uşağın məhz vətəndaşlıq əldə etməsi məqsədilə ölkədə doğulmasına yönəlmiş "doğum turizmi"nin qadağan edilməsi barədə fərman imzalayıb. Fərmanın icrası çərçivəsində "doğum turizmi"ndə iştirak edən əcnəbilərin ABŞ-yə girişinə qadağa qoyulması, vizalarının ləğv edilməsi, ölkədən çıxarılması və ABŞ-yə səfər etmələrinə müddətsiz qadağa tətbiq edilməsi kimi tədbirlər nəzərdə tutulur.
Mənbə
oxu.az