Dünya
Şüuraltımıza GİZLİ TƏSİR: Yerin maqnit sahəsi ilə bağlı MARAQLI KƏŞF
Yerin maqnit sahəsinin insanların qərarlarına şüuraltı səviyyədə təsir göstərə biləcəyi ehtimal olunur. Cənubi Koreyada yerləşən Kyunqpuk Milli Universitetinin alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Neuroscience" elmi jurnalında dərc olunub. Tədqiqatda 108 könüllü iştirak edib. Alimlər iştirakçılara qara daşların hansı tərəfə düşəcəyini təsadüfi şəkildə seçmələrinin tələb olunduğu ənənəvi "qo" oyununun sadələşdirilmiş variantını oynamağı təklif ediblər. Təcrübələr Yerin maqnit sahəsinin aktiv olduğu və ya tamamilə bloklandığı xüsusi otaqlarda aparılıb. İştirakçılar oyunun hansı mərhələsində hansı şəraitin yaradıldığından xəbərsiz olublar. Maqnit sahəsi təcrid edildikdə könüllülər təsadüfi seçim ehtimalı ilə müqayisədə qara daşlara daha az üstünlük veriblər. Adi maqnit sahəsi şəraitində isə belə bir fərq qeydə alınmayıb. Bununla belə, iştirakçıların təxminən 98 faizi təcrübə zamanı heç bir qeyri-adi hal hiss etmədiyini bildirib. Tədqiqatçıların fikrincə, bu nəticə insan orqanizminin maqnit sahəsini qəbul edə bilməsi ehtimalını göstərir. Lakin bu sistemin qəbul etdiyi siqnalların şüur səviyyəsinə çatması mütləq deyil. Bu prosesin dəqiq necə baş verdiyi hələlik məlum deyil. Ehtimal olunan amillər arasında bəzi heyvanların maqnit istiqamətlənməsində rol oynayan kriptoxrom zülalları, həmçinin insan beynində mövcud olan mikroskopik maqnetit zərrəcikləri də göstərilir. Elmi işin müəllifləri bildirirlər ki, əldə olunan nəticələr insanlarda tam formalaşmış maqnit hissinin mövcudluğunu qəti şəkildə sübut etmir. Həmçinin maqnit sahəsinin insanların əhvalına, gündəlik vərdişlərinə və ya mühüm qərarlarına təsir göstərə biləcəyi də hələ aydın deyil. Alimlər qeyd edirlər ki, irəli sürülən fərziyyənin təsdiqlənməsi üçün gələcəkdə daha genişmiqyaslı araşdırmalar aparılmalıdır.
Mənbə
oxu.az