Maraqlı
Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər - Mühüm xəbərdarlıq
"Boynu xarakterik xırtıltı səsi gələnə qədər kəskin şəkildə fırlatmaq vərdişi onurğa arteriyasının zədələnməsinə və nadir hallarda işemik insultun yaranmasına səbəb ola bilər". Oxu.Az xəbər verir ki, bunu "İzvestiya"ya rusiyalı nevroloq Aleksandr Tkaçyov deyib. Mütəxəssisin sözlərinə görə, xırtıltı səsinin özü adətən təhlükəli vəziyyətin göstəricisi deyil. Çox vaxt bu, oynaq mayesi daxilində təzyiqin dəyişməsi və hərəkət zamanı partlayan qaz mikroqabarcıqlarının yaranması səbəbindən meydana gəlir. Bəzən səslərin yaranmasına vətərlər və bağlar da səbəb olur. Təhlükə o zaman yaranır ki, insan başı ilə kəskin və genişamplitudlu hərəkətlər edərək mütəmadi olaraq xüsusi xırtıltı səsi çıxarmağa çalışır. Boyun nahiyəsində beynin arxa hissələrinin qanla təchizatını təmin edən onurğa arteriyaları yerləşir. "Başı həddindən artıq fırlatdıqda və ya əydikdə damarın daxili qişasını zədələmək mümkündür. Buna onurğa arteriyasının disseksiyası deyilir. Zədələnmiş yerdə qan laxtası (tromb) yarana bilər. Tromblar qan dövranını poza bilir və bəzi hallarda işemik insultla nəticələnir", - deyə mütəxəssis izah edib. Bununla yanaşı, həkim qeyd edib ki, belə ağırlaşmalara nadir rast gəlinir və vaxtaşırı boynunu xırtıldadan insanların əksəriyyəti onlarla qarşılaşmır. Lakin damar xəstəlikləri, birləşdirici toxumanın anadangəlmə zəifliyi, boyun travmaları olan xəstələrdə və ya kobud müdaxilələr zamanı risk daha yüksəkdir. Nevroloqun fikrincə, kəskin hərəkətdən sonra boyun nahiyəsində qeyri-adi dərəcədə şiddətli ağrı, başgicəllənmə, koordinasiya pozğunluğu, ətrafların uyuşması və ya zəiflik həkimə təcili müraciət etmək üçün səbəb olmalıdır.
Mənbə
oxu.az