Maraqlı
Stomatoloqdan xəbərdarlıq: Qarğıdalı dişlərinizə düşündüyünüzdən daha çox zərər verə bilər
Yay mövsümünün sevilən ləzzətlərindən olan şirəli və şirin qarğıdalı diş sağlamlığı üçün gözlənilməz problemlərə səbəb ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya stomatoloq Anastasiya Savkina danışıb. Həkimin sözlərinə görə, yay mövsümündən sonra stomatoloqlar tez-tez dişlərdə çatlar, qopmuş plomblar və körpü protezlərində yaranan zədələrlə qarşılaşırlar. Qarğıdalı lif və vitaminlərlə zəngin olsa da, onu birbaşa qıçandan dişləyərək yemək dişlərə qeyri-bərabər yük düşməsinə səbəb olur. Mütəxəssis bildirib ki, bu zaman təzyiq əsasən dişin kiçik bir hissəsinə və ya plombun kənarına yönəlir. Sağlam diş minası üçün bu yük ciddi problem yaratmasa da, plomb qoyulmuş dişlərdə mikroçatların yaranması və sonradan plombun qopması riskini artırır. Savkina qeyd edib ki, xüsusilə, dişin böyük hissəsini əhatə edən plomblar köhnəlibsə və ya kənarları tam oturmursa, adi bir qarğıdalı dişləməsi belə onların zədələnməsi ilə nəticələnə bilər. Həkim əlavə edib ki, körpü protezlərdən istifadə edən şəxslər daha diqqətli olmalıdırlar. Çünki sərt qarğıdalı dənələrinin dişlənməsi protezə və onu saxlayan dayaq dişlərə qeyri-bərabər təzyiq göstərərək çatların yaranmasına və bakteriyaların daxil olmasına şərait yarada bilər. Stomatoloq dişləri qorumaq üçün qarğıdalını qıçandan dişləməməyi, dənələri əvvəlcədən bıçaqla kəsərək çəngəllə yeməyi tövsiyə edib. Onun sözlərinə görə, bu üsul dişlərə düşən nöqtəvi yükü əhəmiyyətli dərəcədə azaldır. Mütəxəssis həmçinin qarğıdalı yedikdən sonra ağız boşluğunun gigiyenasına xüsusi diqqət yetirməyi məsləhət görüb. O bildirib ki, dişləri fırçalamaq mümkün olmadıqda ağız yaxalayıcısı, diş sapı və ya irriqator qida qalıqlarını təmizləməyə və şəkərin diş minasına təsirini azaltmağa kömək edir. Sonda Savkina hər altı aydan bir profilaktik stomatoloji müayinədən keçməyi tövsiyə edərək vurğulayıb ki, müntəzəm həkim nəzarəti plomblar və protezlərlə bağlı problemləri vaxtında aşkar etməyə, eləcə də daha ciddi fəsadların qarşısını almağa imkan verir.
Mənbə
oxu.az