Cəmiyyət

"Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?

25 Jul 2026, 14:14 2 baxış
"Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?
"Space" TV-nin bank hesablarına həbs qoyulması məsələsi son günlər gündəmdədir. Telekanalın ötən gün yayılan bəyanatında bildirilib ki, söhbət 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 140 313.06 ABŞ dolları məbləğində borcdan gedir. Bildirilib ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da edilib. Məlumatda qeyd olunub ki, sözügedən öhdəliklərin vaxtında icra edilməməsinə görə məsuliyyət "Space" TV-nin keçmiş baş direktoru Vado Korovinin üzərinə düşür. Məsələ ilə bağlı Vado Korovin Oxu.Az-a açıqlamasında vurğulayıb ki, heç vaxt məsuliyyətdən qaçmayıb və indi də bunu etmək fikrində deyil:
"Lakin məsuliyyət faktlara, sənədlərə və real nəticələrə əsaslanmalıdır. Bəli, bəyanatda haqqında söhbət gedən kredit, həqiqətən, var idi. Lakin əsas məqamı qeyd etmək vacibdir. Bu kredit mənim təyinatımdan iki il əvvəl rəsmiləşdirilib. Biz telekanalı artıq ciddi maliyyə öhdəlikləri, toplanmış borclar, texniki və təşkilati problemlərlə təhvil aldıq. Lakin idarəetmənin keyfiyyəti məhz belə şəraitdə üzə çıxır. Rəhbəri miras olaraq aldığı problemlərə görə deyil, hansı nəticələri əldə edə bildiyinə görə qiymətləndirirlər. Maliyyə çətinlikləri təkcə bir telekanalın problemi və ya hər hansı bir rəhbərliyin qərarlarının nəticəsi deyil. Bu, günümüzdə praktiki olaraq bütün televiziya bazarının üzləşdiyi sistemli bir çağırışdır. Son illərdə qlobal və iri milli reklamverənlər öz reklam büdcələrini əhəmiyyətli dərəcədə rəqəmsal platformaların xeyrinə yenidən bölüşdürdülər. İnvestisiyaların böyük hissəsi internetə, sosial şəbəkələrə və digər digital kanallara yönəldi. Nəticədə televiziya reklamının həcmi hiss olunacaq dərəcədə azaldı ki, bu da obyektiv olaraq əksər telekanalların maliyyə vəziyyətinə təsir göstərdi. Kanalın kredit borclarını ödəyə bilməməsinin obyektiv səbəbləri məhz bunlardır. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz mənim rəhbərliyim dövründə "Space" TV milli telekanallar arasında yeddinci yerdən ikinci yerə yüksəldi. Bu bir rəy deyil, komandamızın işinin nəticəsidir. Artıq ikinci yeri tutan telekanalı təhvil almaq bir başqa şeydir. Telekanalı yeddinci yerdə təhvil alıb reytinq göstəricilərini dörd dəfə artıraraq ikinci mövqeyə çıxarmaq isə tamamilə fərqli idarəçilik tapşırığıdır və hər bir rəhbərin səmərəliliyi məhz bu meyarla qiymətləndirilməlidir". Korovinin sözlərinə görə, mürəkkəb maliyyə vəziyyətinə baxmayaraq, əməkdaşların əməkhaqqıları vaxtında ödənilib: "Kanal öz öhdəliklərini yerinə yetirməyə, inkişaf etməyə və keyfiyyətli televiziya məhsulu yaratmağa davam edirdi. Mənim fəaliyyətim başa çatmazdan əvvəl iri kommersiya müqaviləsi bağlandı ki, bu da telekanala sabit işləmək imkanını təmin edirdi və təmin etməkdə davam edir. Hətta indiki rəhbərliyin bir neçə ay əvvəl bəyan etdiyi əməkhaqqılarının ödənilməsi də məhz əvvəllər mənim tərəfimdən imzalanmış müqavilə sayəsində baş tutub. Bundan əlavə, biz ayrıldıqdan sonra da efirə getməyə davam edən televiziya kontentinin böyük hissəsi məhz mənim rəhbərliyim dövründə əldə olunub". O, rəhbərliyi dövründə telekanalın texniki bazasının inkişaf etdirilmədiyi ilə bağlı səsləndirilən fikirlərin həqiqətə uyğun olmadığını söyləyib: "Mənim işlədiyim dövrdə "Space" TV-nin texniki bazasının miqyaslı modernləşdirilməsi həyata keçirilib. Xüsusilə 8 robotlaşdırılmış televiziya kamerası, 3 yeni studiya kamerası, bütün studiyalarda yeni televiziya pultları, tamamilə yenilənmiş mikrofon bazası, yeni kompüterlər və istehsalat avadanlıqları, modernləşdirilmiş televiziya studiyaları, yenilənmiş efir və istehsalat avadanlığı, yeni xidməti avtomobillər alınıb. Bə bu, görülən işlərin heç də tam siyahısı deyil. Bütün satınalmalar rəsmiləşdirilib. Bütün müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və mühasibat sənədləri telekanalın arxivindədir. Həmçinin görülmüş işlər haqqında bütün məlumatlar Audiovizual Şura tərəfindən tərtib edilmiş aktda qeyd olunub. Məhz buna görə də bu cür bəyanatları yoxlamaq çox asandır. Sənədləri açmaq kifayətdir". V.Korovinin sözlərinə görə, binaların kosmetik təmiri də onun rəhbərliyi dövründə aparılıb: "Əgər bu gün bir neçə santexnika elementinin dəyişdirilməsi əsas nailiyyətlərdən biri kimi təqdim olunursa, hər kəsin bu cür dəyişikliklərin miqyasını müstəqil qiymətləndirmək və bizim komanda tərəfindən görülən işlərlə müqayisə etmək hüququ var. Mən telekanalın inkişafına sərmayə qoymuşam. Bu günə qədər verilişlərin çəkildiyi studiyaları modernləşdirmişik, texniki infrastrukturu yeniləmişik, peşəkar televiziya avadanlıqları, yeni kompüterlər, kameralar, robotlaşdırılmış sistemlər, mikrofon bazası, televiziya pultları və xidməti nəqliyyat vasitələri əldə etmişik. Televiziya reytinqlərinin cari dinamikasının peşəkar təhlili fərz etməyə imkan verir ki, artıq sentyabrın yekunlarına görə "Space" TV təxminən beşinci yerə düşə bilər. Mən borcları, köhnəlmiş texnikası və çoxsaylı problemləri olan telekanalı təhvil alanda təqsirkar axtarmırdım. Biz məsuliyyəti üzərimizə götürdük. Biz işlədik. Biz nəticə əldə etdik". O əlavə edib ki, "Space" TV-nin hazırkı rəhbəri Ayaz Mustafayevin bəyanatı məsuliyyəti başqasının üzərinə atmaq cəhdləridir: "Eyni uğurla mən də məsuliyyəti kanalın bu borcu ödəyə bilməyəcəyini bilə-bilə həmin krediti götürən Müşfiq Hətəmovun üzərinə ata bilərəm. O isə eyni uğurla məsuliyyəti özündən əvvəlki rəhbərliyin üzərinə ata bilər. Bu gün dediklərimin hamısı sənədlərlə, maliyyə hesabatlılığı, müqavilələr, satınalmalar, reytinqlər və komandamızın işinin nəticələri ilə təsdiqlənir".
"Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır? "Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?
Mənbə oxu.az

Oxşar Xəbərlər