Maraqlı
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
"Sağlam həyat tərzi prinsiplərinə riayət etmək, zərərli vərdişlərdən uzaq durmaq, mütəmadi fiziki aktivliklə məşğul olmaq və profilaktik müayinələrdən keçmək onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə azalda bilər". Oxu.Az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu, akademik Andrey Kaprin deyib. Mütəxəssisin sözlərinə görə, xərçəngin yaranma riskini tamamilə aradan qaldırmaq mümkün olmasa da, kompleks profilaktik tədbirlər bu ehtimalı əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Bu tədbirlərə bədən çəkisini normal səviyyədə saxlamaq, müntəzəm idmanla məşğul olmaq, siqaret və digər zərərli vərdişlərdən imtina etmək, eləcə də vaxtaşırı tibbi müayinələrdən keçmək daxildir. Akademik bildirib ki, onkoloji xəstəliklərin erkən aşkarlanması üçün 18-39 yaş arası şəxslər üç ildə bir dəfə, 40 yaşdan yuxarı şəxslər isə hər il profilaktik müayinədən keçməlidirlər. "Ən əsası odur ki, simptomların yaranmasını gözləməyəsiniz. Bir çox bədxassəli şiş ilkin mərhələdə heç bir əlamət vermir. Məhz buna görə də mütəmadi profilaktik müayinələr xəstəliyin müalicəyə ən yaxşı cavab verdiyi dövrdə aşkarlanmasına imkan yaradır", - deyə həkim bildirib.
Mənbə
oxu.az