Cəmiyyət
Filmdən sonra: "Father Mother Sister Brother"
Turanə Hüseynli yazır... Uşaq olanda hamımızın ən çox eşitdiyi sözlərdən biri olan "Valideyn olanda başa düşərsən" nöqtəsinə gəlib çatdım. Hər kəsin bu məqamla əlaqəli bir hekayəsi var. Bu nəsihəti indiki uşaqların eşitdiyindən, əslində, əmin deyiləm. 90-cı illərin uşaqlarının xüsusi mükafatları və sanki bir lənəti var idi: ən dadlı yeməkləri yeyən, ən vacib nəsihətləri eşidən, kasetlərdən videoyazı izləyən, televiziya saatları olan, həyətdə oynayan son nəsilik... Eyni zamanda valideyn olmaq formasını bizim üzərimizdə "sınaqdan keçirən" ata-anaların uşaqlarıyıq. "Travma" terminini məşhurlaşdıran, illərlə psixoloqlardan terapiya alan nəsil də bizik. Tam o nöqtədə "Mən anam kimi olmaq istəmirəm", "Ata olsaydım, belə etməzdim" duyğuları ilə uşaqlıq və gənclik dönəmlərimiz daxili savaşla keçdi. Böyüdük. İndi "bəyənmədiyimiz" atamızın, anamızın yaşlarındayıq. Böyümək, yetkin insan olmaq, həyatın məsuliyyətini öz çiyinlərinə almaq nə qəribə hiss imiş... Dağın zirvəsinə qalxarkən nəfəs-nəfəsə qalaraq ətrafdakı mənzərəni izləmədən irəliləyib, ancaq zirvəyə çatanda gördüyün mənzərə kimi. Mənim valideynlərimi anlayaraq böyüdüyümü başa düşdüyüm an belə hiss etdirmişdi... Bəzən bir cümləni yaşamaq üçün ondan ağır təcrübələr dadmalısan, çünki: "Valideyn olanda başa düşərsən..." Bəzən bu "başa düşmə" ailəmizlə aramızdakı məsafəni kiçildir, bəzən isə uzaqlaşdırır. Cim Yarmuşun "Ata, ana, bacı, qardaş" () filmini izləmək də belə hiss etdirir. Müəllifin digər filmlərində olduğu kimi, bu filmə baxarkən də xüsusi hadisə axtarmağın mənası yoxdur. Onun filmlərində əsas hadisə insanların içində baş verir. İlk baxışda üç ayrı hekayədən ibarət görünür, amma əslində hamısı eyni sualın ətrafında fırlanır: ailəmizlə aramızdakı məsafə illər keçdikcə niyə azalmaq əvəzinə daha da böyüyür? Film üç müxtəlif ölkədə - ABŞ, İrlandiya və Fransada cərəyan edən üç hissədən ibarətdir. Personajlar bir-biri ilə bağlı olmasa da, onların yaşadığı hisslər sanki eyni ailənin müxtəlif üzvlərinə aiddir. Birinci hissədə uzun illər sonra atalarının yanına qayıdan bacı və qardaşı izləyirik. Yol boyu deyilən sözlərdən daha çox, deyilə bilməyən cümlələr diqqət çəkir. Tom Veytsin canlandırdığı ata obrazı filmin ən güclü metaforalarından biridir. O, çox danışmır, amma onun susqunluğu ömrü boyu yığılmış peşmanlıqları əvəz edir. Adam Drayver və Meyim Bialik isə övlad olmağın heç vaxt bitmədiyini xatırladırlar. Valideyn qocaldıqca insan birdən-birə anlayır ki, uşaqlıq artıq geri qayıtmayacaq. İkinci hissə Dublin və Paris arasında baş verir. Burada Keyt Blanşett, Şarlotta Remplinq və Vikki Krips kimi güclü aktrisalar ailə münasibətlərini daha mürəkkəb tərəfdən göstərirlər. Ana ilə qız arasındakı emosional məsafə, illərlə yığılan incikliklər və insanın öz valideyninə bənzəmək qorxusu Yarmuşun sakit, amma dəqiq dialoqları ilə açılır. Bu bölümdə baxışlar səhifələrlə dialoqdan daha çox şey danışır. Üçüncü hissə isə bacı-qardaş münasibətinə həsr olunub. Uşaqlıqda eyni evdə böyüyən insanlar illər sonra tamamilə fərqli yad adamlara çevrilə bilərlər. Rejissor bu qəribəliyi dramatik hadisələrlə deyil, gündəlik söhbətlər vasitəsilə göstərir. Onun qəhrəmanları keçmiş haqqında danışarkən belə, əslində indiki həyatlarını izah edirlər. Çünki ailə ilə bağlı yaralar heç vaxt tam keçmir; sadəcə insan onlarla yaşamağı öyrənir. Minimalist tərzi ilə daha da dərinləşən bu filmə baxarkən bir an gəlir ki, hekayəni izləməyi dayandırıb, ekranda baş verənlər haqqında deyil, öz yaddaşın haqqında düşünməyə başladığını hiss edirsən: Atanla son dəfə nə vaxt dərindən söhbət etmisən? Ananın son dəfə hansı xatirəsini dinləmisən? Bacınla, qardaşınla nə vaxt dərdləşmisən?.. Cim Yarmuş heç vaxt böyük dramatik səhnələri sevən rejissor olmayıb. Yenə öz tərzinə sadiq qalaraq musiqidən, montajdan və emosional manipulyasiyadan mümkün qədər uzaq durur. Onun qəhrəmanları ağlamırlar, qışqırmırlar, qapıları çırpmırlar. Onlar adətən susurlar. Yaxşı bilirik ki, ailələrin tarixini dağıdan hadisələr çox vaxt böyük faciələr deyil, danışılmayan cümlələrdir. Ertələnən telefon zəngləridir. "Gələn dəfə danışarıq" deyə bağlanan söhbətlərdir. Bu filmdə hər şey məhz həmin boşluqlarda yaşanır. Rejissor tamaşaçını ağlatmağa çalışmır; sadəcə müşahidə etməyə dəvət edir. Elə buna görə də film hər kəs üçün işləməyə bilər. Kimisi onu "heç nə baş verməyən film" adlandıracaq, kimisi isə həyatın öz ritminə ən yaxın filmlərdən biri kimi qəbul edəcək. "Atam, anam, bacım, qardaşım" filmi, bəlkə də, ailə haqqında deyil, daha çox zaman haqqında danışır. İnsan valideynlərinin qocaldığını ilk dəfə görəndə zamanın nə qədər sürətlə keçdiyini anladığı kimi; bacı və qardaşınla münasibətlər dəyişəndə uşaqlığın artıq yalnız xatirəyə çevrildiyini qəbul etdiyin kimi... Filmdən sonra hər kəs yaddaşında çoxdan bağlanmış hesab etdiyi bir otağın qapısını səssizcə açıb, səssizcə pıçıldayan böyük həyat həqiqətləri ilə üz-üzə qalaraq, illərlə edilməyən ən vacib söhbətlər üçün addım atmaq gücü tapa bilər.
Mənbə
oxu.az