Cəmiyyət
Ehsan biznesi əbədidir
Kubra Məhərrəmova yazır... İstənilən kütləvi və yoluxucu xəstəlikdən qurtulmaq üçün bütün əhali peyvənd olunmalıdır. Bunun başqa yolu yoxdur. Necə ki bəşəriyyət əsrlər boyu taun, vəba və s. xəstəliklərdən canını birdəfəlik qurtarmaq üçün bu yolu seçdi. Bir qədər qəribə səslənsə də, bəzi ənənələrdən də kütləvi olaraq imtina etməliyik, düşüncəmizə "peyvənd vurmalıyıq". Özümüz batıb getmişiksə, heç olmasa, özümüzdən sonra gələnləri xilas edək deyə. Son günlər mediada ehsan məclisləri zamanı baş verən qida zəhərlənməsi halları geniş müzakirə olunur. Havanın isti keçməsi bir tərəfdə, qida məhsullarının tələb olunan qaydada hazırlanması və saxlanılmasına heç kimin diqqət yetirməməsi məsələni faciəvi vəziyyətə gətirir. Detallara girmədən məsələnin mənəvi və maddi tərəflərini təhlil etmək istərdim. Gəlin, birinci maddi tərəfi müzakirə edək. İstənilən adamın yaxını ölən kimi, ölü qalır bir tərəfə, ölənin yaxınlarının üzərinə qaldırılması ağır olan yük düşür. Dəfn və dəfn xərcləri bitməmiş insanların üzərinə ehsan xərcləri öhdəliyi qoyulur. Bu, sanki Orta əsrlərdə olduğu kimi "ölü vergisi" kimi görünür. Ölün varsa, bu qədər pul ödəməlisən. Məbləğ isə ən azı 10 000 manatı keçir. Mərasim evlərində isə hər büdcəyə, sosial qrupa uyğun menyular mövcuddur. Ekstra xərclərə isə ağı deyənlər, molla və s. əlavə olunur. Bəllidir ki, bu məbləğin böyük hissəsi bir qrup adamın cibinə gedir - ehsan biznesini idarə edənlərin. Bu biznesin ən uğurlu tərəfi odur ki, adamlar toyu, nişanı, ad gününü təxirə sala bilər: "İndi pulum yoxdur, etmirəm, sabah olar, edərəm" kimi... Amma bu ölü məsələsi elədir ki, bunu heç cür ertələyə bilmirsən. Adam, faktiki olaraq, ölüb. İndi gəl bunun xərcini-xəracını ödə! Məsələnin digər maraqlı tərəfi isə odur ki, cəmiyyət bu xəracı-vergini könüllü ödəyir. Çünki cəmiyyət sağlam düşüncə ilə "peyvəndlənmədiyi" üçün insanlar bir-birini ittiham etməyə, "ölüsünə hörmət qoymadı" kimi qınaqlar səsləndirməyə meyillidir. Bizim cəmiyyətdə isə ölüyə diridən daha çox hörmət və dəyər verildiyindən insanlar yas mərasimini "qonşudan geri qalma" standartına uyğun keçirmək üçün banklardan borc götürür, hətta qohum-əqrabanın qapısını döymək məcburiyyətində qalır. Hamısı da onun üçün ki, əmiarvadının qayınanasının baldızı qızının qudası məclisə gəlib aş-qaranın yaxşı bişmədiyi verdiktini versin. Gələn "cüməyə" qədər də vaxt qoyulsun ki, bu anlaşılmazlıq və həqarət aradan qaldırılsın deyə. Bu adət nəsildən-nəslə elə ötürülür ki, sanki ötürməyə başqa şeyimiz yoxdur. Bəs bu təmtəraqlı, bir-birindən zəngin, meyvəli-qozlu-fındıqlı ehsan mərasimləri barədə azərbaycanlıların böyük əksəriyyətinin mənsub olduğu İslam dini nə deyir? Quranda ehsan anlayışı çox yüksək əxlaqi dəyər kimi təqdim olunur. Məsələn: (Nəhl, 16:90); (Bəqərə, 2:195); (Tövbə, 9:120). Bu ayələrdə "ehsan" ümumi mənada yaxşılıq, səxavət, gözəl əxlaq və Allahın rizasını qazanmaq üçün edilən xeyirli əməllər deməkdir. Quranda ölən şəxs üçün 3, 7, 40 və ya il mərasimlərində xüsusi ehsan süfrəsi açılması barədə heç bir hökm yoxdur. Səhih hədislərdə də bu günlərin dini baxımdan xüsusi mərasim günü olduğu bildirilmir. Və burada ortaya təzad çıxır. Madam ki bu hökm İslam dinində, Quranda yoxdur, bu adət haradan gəlib? Əslində, ölünü o biri dünyaya "hazırlamaq" adəti İslamdan çox-çox əvvələ gedib çıxır. Qədim Misirdə, Mesopotamiyada, Yunanıstanda, Romada, eləcə də qədim türk toplumlarında insanlar inanırdılar ki, ölən adam başqa dünyada da yaşamağa davam edəcək. Ona görə də məzara yemək-içmək, geyim, silah, qiymətli əşyalar qoyur, bəzən də heyvan qurban verir, ölünün o dünyada ehtiyac içində qalmayacağını düşünürdülər. Hətta bəzi qədim cəmiyyətlərdə bu inanc o qədər güclü idi ki, hökmdar və ya zadəgan öləndə onu tək yola salmırdılar. Erkən Misirdə, Şumerdə və bəzi köçəri xalqlarda hökmdarla birlikdə qullarını, xidmətçilərini, bəzən isə atlarını da dəfn edirdilər. İnanırdılar ki, onlar o biri dünyada da sahibinə xidmət etməyə davam edəcəklər. Bütün bu adətlər dunya tarixçiləri tərəfindən araşdırılıb və əksini elmi işlərdə tapıb. Qədim Roma dəfn adətlərini araşdıran əsas mənbələrdən biri olan C. M. C. Toynbenin "Roma dünyasında ölüm və dəfn" (, Johns Hopkins University Press, 1971) əsərində bu gün maraqlı görünən bir adət təsvir edilir. Toynbenin yazdığına görə, dəfndən sonra məzar başında təşkil edilən yas ziyafəti idi. Romalılar bu mərasimdə mərhumun xatirəsinə yemək yeyir, onun üçün də yemək və içkidən pay ayırırdılar. Yəni ölünün də bu ritualla həmin süfrədə simvolik şəkildə iştirak etdiyinə inanırdılar. Bu cür adətlər yalnız qədim Roma ilə məhdudlaşmırdı. Türk xalqlarının qədim tarixində də ölünün yola salınması ilə bağlı oxşar mərasimlər mövcud idi. Bu mərasimlərdən biri "yuğ" (yoğ) adlanırdı. Qədim türklərdə insan öldükdə onun üçün yas tutulur, yaxınları bir yerə toplaşır, qurbanlar kəsilir və mərhumun xatirəsinə yemək məclisi təşkil edilirdi. XI əsrdə yaşamış türk alimi Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsərində "yoğ" sözü ölünün ardından verilən yemək və yas mərasimi kimi izah olunur. Tarixi mənbələrdə qədim türklərin dəfn mərasimləri zamanı at və digər heyvanları qurban kəsdiyi, bu qurbanlardan hazırlanan yeməklərin mərasim iştirakçıları arasında bölüşdürüldüyü qeyd olunur. Nəsə yaman oxşar hadisədir, deyilmi? O zaman belə çıxır ki, biz qədim dünyanın adətini İslam dini adı altında halvanı lavaşa büküb, məclisin sonunda da əllərə gülab töküb yola veririk. Bəs İslamda ölünün adına nə etmək tövsiyə olunur? Ölən şəxs üçün dua etmək. Onun borclarını ödəmək. Onun adından sədəqə vermək. Əgər vəsiyyət edibsə, vəsiyyətini yerinə yetirmək. Qohumluq əlaqələrini qorumaq. İslam dininin tələbləri olduqca sadə və aydındır. Burada yalnız mənəvi yüksəliş tələb olunur, daha at-qoyun kəsmək deyil. Bu məqamda isə biz cəmiyyət kimi özümüzə sual verməliyik: Biz kimik? Biz nəyik və nə edirik? Hansı dinə sitayiş edirik - şamanizmə, buddizmə, yoxsa İslam dininə? Yoxsa kimlərinsə cibini doldurmaq üçün sonuncu pulumuzu ehsan biznesinə veririk?
Mənbə
oxu.az