Digər

Vüsalə Qurbanova: "IT SkillSprint" beynəlxalq təhsil proqramına cəlb olunan tələbələrin hamısı proqramı uğurla başa vurub"

17 Jul 2026, 11:31 1 baxış
Vüsalə Qurbanova: "IT SkillSprint" beynəlxalq təhsil proqramına cəlb olunan tələbələrin hamısı proqramı uğurla başa vurub"
"IT SkillSprint" beynəlxalq təhsil proqramına 11 ali təhsil müəssisəsindən 120 tələbə cəlb olunub və onların hamısı proqramı uğurla başa vurub. İştirakçıların 27-si təlimlər davam edərkən iş təklifi alıb, hazırda isə daha 93 nəfər əmək bazarında aktiv şəkildə iş axtarır". Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova Bakıda keçirilən "IT SkillSprint" beynəlxalq təhsil proqramının bağlanış mərasimində layihənin nəticələrini təqdim edərkən deyib. O bildirib ki, proqram dövlət, universitet və sənaye əməkdaşlığına əsaslanan "Triple Helix" ("Üçlü spiral") modeli üzrə qurulub və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qanunvericiliyə tam uyğunlaşdırılıb: "Layihənin əsas məqsədi tələbələrin butkamp çərçivəsində qazandıqları bilik, bacarıq və akademik kreditlərin ali təhsil müəssisələri tərəfindən tanınmasını təmin etmək idi. Bu səbəbdən proqram bir semestrə uyğun olaraq 20 həftə, ümumilikdə 450 saat davam edib. Layihəyə 11 universitetdən ümumilikdə 1167 nəfər müraciət edib. Bu, ölkədə İT ixtisasları üzrə təhsil alan üçüncü kurs tələbələrinin 61 faizini təşkil edir. İlkin seçim mərhələsindən 510 nəfər, müsahibə mərhələsindən isə 260 nəfər keçib. Nəticədə 123 nəfər seçilsə də, onlardan üçü təlimlər başlamazdan əvvəl proqramdan imtina edib və layihə 120 iştirakçı ilə həyata keçirilib". V.Qurbanova qeyd edib ki, proqramda Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri iştirak ediblər. O əlavə edib ki, akademik göstəricilər 100 faiz olub: "Artıq 27 tələbə proqram davam edərkən iş təklifi alıb. Hazırda ümumi məşğulluq göstəricisi 29 faizdir. Layihə başa çatdıqdan sonra da nəticələri izləməyə davam edəcəyik. Adətən məşğulluq göstəriciləri proqram bitdikdən altı ay sonra təhlil olunur. Lakin bu layihədə tələbələrin hələ təhsil aldıqları dövrdə iş tapmağa başlaması xüsusi göstəricidir. İşlə təmin olunan tələbələrdən beşi veb-proqramlaşdırma, 10-u data və süni intellekt, yeddisi "DevOps", beşi isə kibertəhlükəsizlik istiqaməti üzrə fəaliyyətə başlayıb. Onlar bir sıra özəl və dövlət şirkətlərində işlə təmin olunublar".
Mənbə oxu.az

Oxşar Xəbərlər