Cəmiyyət
Dayılardan bacılarının qızını sevən yeniyetməyə AMANSIZ DAVRANIŞ
Ötən ilin sonunda Xaçmazda iki qardaş bacılarının qızını sevən 17 yaşlı oğlana qarşı amansız davranış göstəriblər, işgəncə veriblər. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb. Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adlarını şərti olaraq Mübariz və Akif kimi təqdim edəcəyik. İş materiallarında qeyd olunub ki, 17 yaşlı zərərçəkmiş sözügedən qardaşların bacısının qızı ilə sevgi münasibətində olub. Hadisə günü yeniyetmə oğlan onların yaşadığı evin hasarına çıxarkən qızın dayısı Mübariz bunu görüb. Bərk əsəbiləşən dayı balaca qardaşı Akiflə birgə yeniyetməni tutaraq əl-qolunu kəndirlə bağlayıb. Qardaşlar bir saat bağlı vəziyyətdə saxladıqları yeniyetməyə qarşı alçaldıcı hərəkətlər ediblər, döyərək müxtəlif xəsarətlər yetiriblər, eyni zamanda tualetdə saxlayıblar. Bu əməlləri ilə Mübariz və Akif qanunsuz azadlıqdan məhrumetmə cinayəti törətmiş olublar. Polis əməkdaşları işə qarışandan sonra onların ikisi də saxlanılıb, məhkəmə hökmünə qədər barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Xaçmaz Rayon Məhkəməsində baxılan işdə qardaşlar əməllərini etiraf ediblər, özlərini təqsirli bildiklərini deyiblər. Zərərçəkmiş şəxsin də ifadəsi əsasında verilmiş ittiham tam təsdiqini tapıb. Hökmə əsasən, Akif və Mübarizin hərəsinə 3 il azadlıqdan məhrumetmə cəzası verilib, ikisi də məhkəmə zalında həbs edilib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi hökmü kiçik qardaş Akifə münasibətdə dəyişib. Onun cəzası şərti hesab olunub və azadlığa buraxılıb. Məhkəmə bu qərarını təqsirləndirilən şəxsin səmimi peşmanlığı, xəstəlikdən əziyyət çəkməsi və himayəsində yaşlı valideynlərinin olması ilə əsaslandırıb. Mübarizin şikayəti isə təmin edilməyib.
Mənbə
oxu.az