Cəmiyyət
Bir milyon manat mənimsəmədə təqsirləndirilən şəxslər məhkəmə zalında azadlığa buraxıldılar
Şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən və iki il məhkəmə araşdırması aparılan Orxan Məcidov və Həsən İbrahimovun cinayət işinin məhkəməsi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclas zamanı hökm oxunaraq Orxan Məcidov və Həsən İbrahimovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmə 72-ci maddəni tətbiq etməklə onlara üç il sınaq müddəti olmaqla şərti cəza verib və onlar məhkəmə zalından azadlığa buraxılıblar. Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı hər iki təqsirləndirilənin 6 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi. Qeyd edək ki, Orxan Məcidov və Həsən İbrahimov "Güzdək" MMC-yə məxsus 970 min manat pulu mənimsəməkdə təqsirləndirilərək barələrində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.4-cü (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə ) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülərək həbs qətimkan tədbiri seçilmişdi. Elgün Həsənli
Mənbə
oxu.az