Digər
Şuşa Forumunda mütəxəssislər süni zəkanın media sahəsinə təsirindən danışdılar
IV Şuşa Qlobal Media Forumunun çərçivəsində "Süni intellekt, vizual təqdimatlar, hekayə anlatımı və yeni nəsil təcrübələr" adlı altında panel sessiya keçirilib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, texnobloger Fərid Pərdəşünas çıxışında artıq insanların xəbərləri süni intellektdən (Aİ) almaq istədiyini bildirib. Onun sözlərinə görə, insanlar gündəmi izləmək üçün sosial mediaya baxmaq istəmir: "Statistikalar göstərir ki, 10% insan xəbərləri sırf Aİ vasitəsilə oxuyur. Ənənəvi medianın gücü əvvəl eksklüziv məlumatlar idi, lakin sosial media bunu dəyişib. Hər kəs informasiya istehsal etməyə başlayıb. Amma Aİ nə qədər inkişaf etsə də, insanın beyin məhsuluna ehtiyac olan ixtisaslar itməyəcək. Media sahəsində tərcümə, korrektor kimi vəzifələri artıq Aİ əvəz edir". Texnobloqer Tariyel Ağazadə isə çıxışında qeyd edib ki, süni zəka bu günün kəşfidir: "Hər birimiz gündə azı bir dəfə bu texnologiyadan istifadə edirik. Müsbət tərəfləri arasında onu deyə bilərəm ki, Aİ artıq fərdiləşmiş məlumatları təqdim edəcək. Süni zəka bizə eyni anda bir neçə platformalarda olmaq imkanı verir. O, bəzən feyk məlumatları çox peşəkar formada hazırlaya bilir. Bu, artıq böyük riskdir. Qarşısını almaq üçün rəqəmsal savadlılıq məsələsi önə çıxır. Hər hansı bir bankın loqosu ilə insanları rahatlıqla aldada bilirlər və s. Bu kimi hallar daha çoxdur". Paneldə çıxış edən bloqer Gela Vasadze isə deyib ki, ictimai rəyi manipulyasiya etmək həmişə mövcud olub, bu təkcə süni intellekt vasitəsilə yaradılmır: "İnformasiyanı hər yerdən almaq olar. Lakin sual vermək lazımdır ki, bu informasiyalar haradan gəlir? Süni intellekt, düzdür, işlərimizi çox asanlaşdırır. Lakin onun fəsadlarını da nəzərə almalıyıq". Bloqer Diana Knud çıxışında deyib ki, Aİ insanların maraqlarını əvəz edə bilməz: "Düşünürəm ki, gələcəkdə texnologiya ilə insan yaradıcılığını bir araya gətirmək mümkün olacaq". Panel sessiyası sual-cavabla davam edib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az