İrəvan rədd edir, Zaxarova isə “bağ”lardan danışır
Moskva ilə İrəvan arasında münasibət tarixi bağlara və xalqların qarşılıqlı rəğbətinə əsaslanır.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bloger Olqa Blaqoveşenskayaya müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı təkcə suveren dövlət kimi deyil, həm də ortaq tarix, humanitar əlaqələr, ailə münasibətləri və birgə layihələrlə bağlı olduğu ölkə kimi qiymətləndirir:
“Bizim tərəfdən hər zaman yalnız yardım və dəstək olub. Bu, təkcə geosiyasi amillərlə deyil, mənim sevgi adlandırdığım – xalqlarımızın səmimi bağlılığı və mədəni yaxınlığı ilə əlaqədardır. Rusiya Prezidenti Vladimir Putin müxtəlif dövrlərdə qan tökülməsinin qarşısının alınması, Ermənistana dəstək göstərilməsi və ölkənin inkişafına yardım edilməsi istiqamətində dəfələrlə təşəbbüslərlə çıxış edib. Moskva ilə İrəvan arasında əməkdaşlıq təhlükəsizliklə yanaşı, iqtisadiyyat, energetika və sənaye sahələrini də əhatə edir”.
Qeyd edək ki, Ermənistan artıq uzun müddətdir qərbyönlü siyasət həyata keçirir və Kremldən uzaqlaşmağa çalışır.