Qərb Rusiyada siyasi sistemin dağılacağını düşünür, lakin... - Slit
Ukraynaya qarşı müharibənin nə vaxt və hansı şərtlərlə başa çatmasından asılı olmayaraq, Rusiya digər dövlətlər üçün təhlükəli olaraq qalacaq. Lakin görünür, Qərbdə Rusiya ilə müharibədən sonrakı birgə yaşayışın mümkünlüyü ilə bağlı hələ də illüziyalar mövcuddur.
Axar.az xəbər verir ki, bu barədə "İndependent" qəzetinin yazarı Den Slit qeyd edib.
Məqalədə bildirilir ki, Qərbdə hələ də davamlı iqtisadi və hərbi təzyiqin sonda Moskvanı kursunu dəyişməyə məcbur edəcəyi və ya mövcud siyasi sistemin dağılmasına gətirib çıxaracağı ilə bağlı fərziyyə geniş yayılıb:
"Hər iki ssenari uzun illərdir Rusiyanın daxilində gedən proseslərin real mahiyyətini nəzərə almır. Söhbət, xüsusilə, əmək qabiliyyətli əhalinin sayının azalması, əmək məhsuldarlığının artım tempinin zəifləməsi, investisiyaların dövlət sektorunda cəmləşməsi və federal büdcədə enerji daşıyıcılarının ixracından əldə olunan gəlirlərin payının tədricən azalmasından gedir. Eyni zamanda siyasi hakimiyyət getdikcə daha çox mərkəzləşib, iqtisadi imkanlar isə mərkəzi hakimiyyətə sədaqətlə sıx şəkildə əlaqələndirilib. Ukraynaya qarşı genişmiqyaslı işğal isə bu problemləri daha da dərinləşdirib".
Müəllifin fikrincə, ortamüddətli perspektivdə Kreml, böyük ehtimalla, genişmiqyaslı hərbi kampaniyalara deyil, daha ucuz və daha az resurs tələb edən təsir vasitələrinə – kiberhücumlara, diversiyalara, informasiya əməliyyatlarına, enerji rıçaqlarından istifadəyə və vasitəçilər üzərindən fəaliyyətə üstünlük verəcək.