Cəmiyyət
Balakişi Qasımov: "Ənənəvi televiziya son illərini, bəlkə də son onilliyini yaşayır" - VİDEO
"Ənənəvi televiziya son illərini, bəlkə də son onilliyini yaşayır". Oxu.Az xəbər verir ki, bunu İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımov REAL TV-nin efirində deyib. O bildirib ki, sosial şəbəkələrin sürətli inkişafı ənənəvi media üçün ciddi çağırış yaradıb və bu reallığı qəbul etmək lazımdır. "Şəxsən, bəlkə də səhv edirəm, bəlkə də televiziya rəhbəri bunu deməməlidir, ancaq mən əminəm ki, televiziya son illərini, onilliyini yaşayır. Ənənəvi formatda", - deyə o qeyd edib. Balakişi Qasımovun sözlərinə görə, əvvəllər televiziya və digər ənənəvi media informasiya üzərində monopoliyaya malik idi, lakin hazırda bu vəziyyət dəyişib. "Bu gün artıq ənənəvi medianın o informasiya monopoliyası yoxdur. Sosial şəbəkələr var. Hansısa hadisə baş verən kimi xəbər dərhal saytlarda və sosial şəbəkələrdə yayılır. Biz isə onu müəyyən vaxtda, öz ənənəvi formatımıza uyğun efirə veririk. Artıq o yenilik olmur", - deyə İTV-nin baş direktoru bildirib. O vurğulayıb ki, hazırda televiziya daha çox yayılan məlumatların təsdiqlənməsi funksiyasını yerinə yetirir. "Bu gün xəbərlər funksiyamız daha çox təsdiq etmə funksiyasıdır. 44 günlük müharibə və pandemiya dövründə insanlar xəbərlərin məhz televiziyada təsdiqlənməsini gözləyirdilər. Çünki bilirdilər ki, əgər televiziyada səslənibsə, deməli, doğrudur", - deyə Balakişi Qasımov qeyd edib. İTV-nin baş direktoru əlavə edib ki, televiziya hazırda daha yüksək etibara malik olsa da, bunun da müvəqqəti olduğunu düşünür. "Biz batırıq, televiziya batır. Tək Azərbaycanda yox. Bu, bütün dünyada ənənəvi formatda fəaliyyət göstərən televiziyaların problemidir. Bütün dünyada ənənəvi televiziya həmin o "Titanik" gəmisidir", - deyə o fikrini tamamlayıb.
Mənbə
oxu.az