Cəmiyyət

GM: Azərbaycan PUА sahəsində regional liderdir!

04 Jul 2026, 01:19 1 baxış
GM: Azərbaycan PUА sahəsində regional liderdir!

Azərbaycan Cənubi Qafqazda pilotsuz uçuş aparatları (PUА) sahəsində ən inkişaf etmiş və institusional baxımdan ən hazırlıqlı operator olaraq qalır və həm müasir PUА-ların satın alınması, həm də yerli istehsalın inkişafı hesabına öz potensialını ardıcıl şəkildə artırmağa davam edir.


Axar.az xəbər verir ki, bu barədə "Geopolitikal Monitor" nəşrinin "Pilotsuz silahlanma yarışı: Cənubi Qafqazda pilotsuz döyüşün inteqrasiyası" adlı məqaləsində qeyd olunub.


Məqalədə bildirilir ki, son illərdə Azərbaycan "İtiqovan" kimi yerli istehsal dronlar da daxil olmaqla bir sıra yeni pilotsuz sistemləri arsenalına qəbul edib.


Qeyd olunur ki, Azərbaycanın aparıcı müdafiə istehsalçısı olan "Azərsilah" da dronların hazırlanması və istehsalında fəal iştirak edir. Yerli istehsal təşəbbüsləri ilə yanaşı, Azərbaycan Türkiyə və İsrail istehsalı müxtəlif pilotsuz sistemləri, o cümlədən "Bayraqdar TB2" və "Akıncı" dronlarını istismar etməyə davam edir və gələcəkdə əlavə müasir PUА-ların alınmasına maraq göstərir. Ölkə, həmçinin "Akıncı" dronları üçün ixtisaslaşdırılmış təlim və texniki xidmət mərkəzləri yaradıb.


Bildirilir ki, 2021-ci ildə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi müdafiə texnologiyaları, kadr hazırlığı və hərbi-sənaye kompleksinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığı xeyli gücləndirib. Eyni zamanda, Azərbaycan Türkiyə müdafiə şirkətləri ilə əməkdaşlığı genişləndirir və dronların birgə istehsalı, eləcə də "Baykar" şirkəti ilə daha geniş hərbi-sənaye əməkdaşlığı imkanlarını araşdırır.


Qeyd olunur ki, son illərdə tərəflər texnologiya mübadiləsi, sənaye əməkdaşlığı və "Baykar" sistemlərinin Azərbaycanda lokal istehsalının mümkünlüyü ilə bağlı razılaşmalar və memorandumlar imzalayıb. Bu isə Azərbaycanın pilotsuz sistemlərin daha dayanıqlı yerli istehsalını inkişaf etdirməkdə uzunmüddətli marağını göstərir. Ən mühüm hadisələrdən biri də Azərbaycan Silahlı Qüvvələri tərkibində ayrıca pilotsuz sistemlər qoşunlarının yaradılması olub.


Müəlliflər qeyd edirlər ki, Ukrayna təcrübəsi pilotsuz qoşunların institusional şəkildə formalaşdırılmasının döyüş əməliyyatlarında daha effektiv koordinasiya və nəticə verdiyini göstərir.


Bundan əlavə, 2025-ci il hərbi paradında nümayiş olunan bölmələrin ardıcıllığı yeni qoşunların Hərbi Hava Qüvvələri strukturuna inteqrasiya olunduğundan xəbər verir. Azərbaycanın dron sahəsində imkanlarının genişlənməsi hərbi xərclərin artımı ilə də dəstəklənir: müdafiə büdcəsi 2020-ci ildə təxminən 2.24 milyard dollardan 2026-cı ildə 5.1 milyard dollara qədər yüksəlib.


Müəlliflər xatırladırlar ki, pilotsuz uçuş aparatlarının hərbi istifadəsi onilliklər əvvələ gedib çıxır, lakin yeni mərhələ 2020-ci il İkinci Qarabağ müharibəsi ilə başlayıb.


"Geopolitikal Monitor"un qiymətləndirməsinə görə, Azərbaycanın döyüş dronlarından geniş istifadə etməsi onların zirehli texnika, artilleriya və hava hücumundan müdafiə sistemlərinə qarşı yüksək effektivliyini nümayiş etdirərək PUA-ları müasir müharibənin əsas elementlərindən birinə çevirib.


Son da isə bu məqam vurğulanır ki, Cənubi Qafqaz regionunda dronların əhəmiyyəti getdikcə artır və Azərbaycan bu sahədə yerli istehsal, diversifikasiya olunmuş satınalmalar və xüsusi strukturlaşma hesabına regional lider kimi fərqlənir.

Mənbə axar.az

Oxşar Xəbərlər