"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?
Avropanın xarici siyasət kursu ilə bağlı tövsiyələr verən “Telos” beyin mərkəzinin Cənubi Qafqazla bağlı son məqaləsi suallar yaradır. Mərkəzin saytında (telson-eu) dərc olunan “Ermənistan strategiyası Avropa üçün sınaqdır” adlı məqalənin təkcə sərlövhəsi belə müəllif Matye Lemoinenin yanaşmasının qüsurlu olduğunu deməyə əsas verir. Müəllifin məqalədə irəli sürdüyü fikirlər və təkliflər də Avropanın yanlış istiqamətə yönləndirilməsi cəhdindən başqa bir şey deyil.
Məqalə Cənubi Qafqaz regionundakı vəziyyətə həsr olunsa da, birtərəfli yanaşma sərgilənir, xüsusilə Fransa və Avropanın Ermənistanla münasibətləri üzərinə fokuslanır. İddia edilir ki, Ermənistanı dəstəkləmək Avropanın Cənubi Qafqaz siyasətində ən mühüm məqamdır.
“Ermənistana dəstək sadəcə dost bir ölkəni dəstəkləmək demək deyil. Söhbət Cənubi Qafqazın Rusiya, Türkiyə, Azərbaycan və İran tərəfindən idarə olunmasının qarşısının alınmasından, eləcə də Qara dəniz, Xəzər dənizi və Yaxın Şərq arasında mühüm bölgəyə Avropa marşrutunun açılmasından gedir”, - müəllif iddia edir.
Əslində bu yanaşma Avropa İttifaqını yaxın keçmişdəki səhvlərini yenidən təkrarlamağa sövq etmək deməkdir. Çünki Avropa bölgə ilə bağlı siyasət yürüdürsə, bu, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, ayırıcı xətlər üzərində baş verməməli, ümumilikdə Cənubi Qafqaza fokuslanmalıdır. Ermənistanın gələcəyi Cənubi Qafqazın gələcəyindən asılıdır və burada Azərbaycanın həlledici mövqedə olduğu unudulmamalıdır. Əgər ayırıcı xətlər üzərindən yanaşma sərgilənərsə və regionda yalnız Ermənistan fokuslu siyasət izənilərsə, o zaman, nə Avropa İttifaqı bölgədə maraqlarını təmin edə, nə də İrəvan dalan vəziyyətindən çıxa biləcək. Çünki Avropa Qara dəniz, Xəzər dənizi və Yaxın Şərq arasında tranzit keçidlərindən, eləcə də Orta dəhliz marşrutundan istifadə etmək istəyirsə, Azərbaycanla münasibətlərə önəm verməlidir.
Avropa İttifaqı daha öncə bu səhvə yol verib. Brüssel iki il öncəyə qədər məhz Ermənistan fokuslu siyasətinə görə bölgədən kənarlaşdırılmaq riski ilə üzləşdi. Fransa isə bunun ən bariz nümunəsidir: Makron Administrasiyasının ermənipərəst siyasəti Parisi bölgədə “ofsayt” vəziyyətinə salıb və Yelisey sarayında vəziyyəti düzəltmək, itirdiklərini qaytarmaq cəhdləri hələ də nəticə vermir. Matye Lemoine isə Fransa və Avropanı yalnış siyasəti davam etdirməklə nəticə əldə etməyə inandırmağa çalışır. Və açıq şəkildə bildirir ki, Cənubi Qafqazın Rusiya, Türkiyə, Azərbaycan və İran tərəfindən idarə olunmasının qarşısını almaq üçün Ermənistanı dəstəkləmək lazımdır. Rusiya və İran amili Avropanın bu ölkələrlə qarşıdurması fonunda anlaşılandır, lakin Türkiyə və Azərbaycanın adının çəkilməsi suallar yaradır.
Birincisi, Avropanın Ermənistanı praktiki formada dəstəkləməsi coğrafi baxımdan Türkiyədən asılıdır, çünki sərhədlər açılmadan İrəvan dalandan çıxa bilməyəcək.
İkincisi, Türkiyə-Ermənistan sərhədlərinin açılması İrəvan və Bakı arasındakı sülh sazişinin imzalanmasından asılıdır, əks təqdirdə, bölgənin gələcək inkişafını inşa etmək mümkün olmayacaq.
Müəllif isə Ermənistanı Cənubi Qafqaz kontekstindən kənara çıxarmaqla regiona bölücülük pəncərəsindən yanaşır. Bu, Ermənistanın “xilas edilməsi” naminə regionun zəifləməsi deməkdir ki, belə yanaşma tərs mütənasibdir, çünki Cənubi Qafqazın inkişafı olmadan Ermənistanın xilas edilməsi qeyri-realdır. Bu yanaşma Ermənistanın təhlükəsizliyini də təhdid altına salır. Məqalədə bildirilir ki, Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistanın təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsində boşluqlar yaranıb. Avropanın bu boşluğu doldurması, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə real addımlar atılması təklif edilir.
“Əgər Paris öhdəliyinin təsir göstərməsini istəyirsə, bu, təhlükəsizlik, infrastruktur, enerji, ticarət və qurumları birləşdirən Avropa strategiyasının bir hissəsi olmalıdır. Çünki Ermənistan yalnız ritorika ilə asılılığından qurtula bilməyəcək. Onun əsas zəifliyi təhlükəsizlikdir. İrəvan artıq Moskvaya əsas qarantı kimi etibar edə bilməz, lakin Avropa İttifaqı NATO deyil və Fransa hərtərəfli müdafiə arxitekturasını əvəz edə bilməz. Avadanlıq, təlim və strateji dialoq Ermənistana manevr etmək üçün müəyyən imkanlar verir. Lakin etibarlı Avropa siyasəti müşahidə, kibertəhlükəsizlik, əks-müdaxilə tədbirləri və ABŞ-la diplomatik koordinasiyanı da əhatə etməlidir”, - məqalədə vurğulanır.
Müəllif əsas diqqəti Ermənistanın təhlükəsizliyi üzərinə yönəldir, halbuki, bir dövlətin təhlükəsizliyi başqa dövlətin təhlükəsizliyi hesabına qurula bilməz. Aydın görünür ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin yolu da ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasından asılıdır.
Məqalədə bölgənin gələcəyinə dair riskli tezislər bununla yekunlaşmır. Xüsusilə post-münaqişə reallıqlarının şübhə altına alınması və Qarabağla bağlı iddialar təhlükəlidir.
Birincisi, müəllif “Paşinyanın seçkidə qələbəsi ermənilərin Qarabağı unutduğu demək deyil” iddiasından çıxış edir. Bu, Avropa elitasına erməni revanşistlərin Qarabağ iddiasına diqqət ayırmaq çağırışı kimi qəbul edilə bilər. Müəllif bununla demək istəyir ki, Fransa və Avropa Ermənistan siyasətində erməni diasporu və revanşistlərin mövqeyini də nəzərə almalıdır. Bu yanaşma Cənubi Qafqazdakı sülh gündəliyini təhdid edir.
İkincisi, məqalədə Avropanın Ermənistana dəstəyinin yeni müharibəyə hazırlıq olması təəssüratını yaradan qeydlər yer alır.
Müəllif qeyd edir ki, “Paşinyanın qələbəsi Ermənistanda demokratiya problemini həll etmir.... Moskvadan uzaqlaşan Ermənistan avtomatik olaraq möhkəmlənmiş liberal demokratiyaya çevrilmir”. Bildirilir ki, Paşinyan hakimiyyəti rəqiblərini (revanşistləri-red) məhkəmə işləri və digər rıçaqlarla təqib edir. Bu, Avropada Paşinyana dəstək verilsə də, erməni revanşistlərə münasibətin loyal olması təəssüratını yaradır və sual yaranır: Avropanın Ermənistana “demokratiyaya dəstək” adı altında verdiyi yardımlar əslində müharibəyə hazırlamaq məqsədi daşıyır?
Belə bir sualın yaranması Ermənistandakı reallıqdan qaynaqlanır. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır və revanşistlər hakimiyyətə gələrsə, əsas qanuna istinadən müharibəyə səbəb ola biləcək iddiaları yenidən aktuallaşdıracaq. Bu isə Avropanın hazırda Ermənistana verdiyi yardımların bu ölkəni gələcək müharibəyə hazırlamasına xidmət etdiyi demək olacaq.
Avropa elitası bu haqda düşünməli və Cənubi Qafqazda Ermənistan vektorlu siyasətə yox, regionun ümumi maraqlarına xidmət edəcək balanslı yanaşmaya üstünlük verməlidir. “Telos” kimi mərkəzlər Brüsseli keçmiş səhvləri təkrarlamağa və yalnış istiqamətə yönəldir. Əslində bu yönləndirmə cəhdi təsadüfə bənzəmir. Çünki mərkəzin Fransa əsilli qurucusu Zaki Laidi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə keçmiş ali komisarı Cozep Borrelin xüsusi müşaviri vəzifəsində çalışıb. Borrel ermənipərəst mövqeyi ilə məşhurdur və vəzifədə olduğu dövrdə Avropa İttifaqının xarici siyasətini hətta Brüsselin maraqlarına zidd olsa da, məhz Ermənistan vektorlu istiqamətə yönəltməyə çalışır, erməni lobbisinin direktivləri əsasında hərəkət edirdi. Onun müşaviri olmuş Zaki Laidinin rəhbərlik etdiyi “Telos” mərkəzində fransız əsilli Matye Lemoinenin müəllifliyi ilə yayılan məqalənin də məqsədi aydın görünür: Avropa İttifaqının Cənubi Qafqaz siyasətini Ermənistana fokuslamaq və erməni maraqlarının müdafiəsinə nail olmaq. Halbuki, Borrelin dövründə olduğu kimi, bu qüsurlu yanaşma regionda sülh gündəliyinə risklər yaradır və Avropanın bölgədəki mövqelərinə ciddi şəkildə zərbə vurur.
Oxşar Xəbərlər