Cəmiyyət

Məcburi köçkünün mənzil iddiasına qurumdan RƏSMİ CAVAB

03 Jul 2026, 21:24 1 baxış
Məcburi köçkünün mənzil iddiasına qurumdan RƏSMİ CAVAB
Məcburi köçkün Elnarə Tahir qızı Səlimova Ağdərə rayonunun Həsənriz kəndində dövlət tərəfindən ona verilmiş evdən narazıdır. Vətəndaş bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edib. O qeyd edib ki, uzun illər Bərdə rayonunun Əliyanlı kəndində yerli vətəndaşa məxsus köhnə evdə yaşayıblar: "Nəhayət, iyunun 17-də keçirilmiş püşkatma nəticəsində ailəmizə Ağdərə rayonunun Həsənriz kəndində dövlət tərəfindən təmir edilmiş mənzil təqdim olundu. İyunun 20-də mənzilə baxış keçirdiyimiz zaman böyük məyusluq yaşadıq. Bizə təqdim olunan mənzil faktiki olaraq yaşayış üçün uyğun vəziyyətdə deyildi. Mənzilin əvvəlcə bir yaşayış evi olduğu, sonradan karton arakəsmələrlə iki mənzilə bölündüyü, daha sonra isə yenidən arakəsmələr vasitəsilə otaq sayının artırıldığı məlum oldu. Bunun nəticəsində pəncərəsiz, son dərəcə dar, hətta içinə bir çarpayı belə yerləşdirilməsi mümkün olmayan otaqlar yaradılıb. Belə şəraitdə altınəfərlik ailənin, xüsusilə üç azyaşlı uşağın yaşaması mümkün deyil". Sözügedən iddia ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanlanan sorğuya cavab olaraq qurumdan Oxu.Az-a bildirilib ki, Elnarə Səlimovanın müraciəti əsasında, növbəti mərhələlərdə onun Ağdərə rayonunun Həsənriz kəndinə köçürülməsi məsələsinə yenidən baxılacaq: "Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Elnarə Tahir qızı Səlimova ailə üzvləri ilə birgə Bərdə rayonunun Əliyanlı kəndində müvəqqəti məskunlaşıb. Ailənin ağır və yararsız şəraitdə yaşaması nəzərə alınaraq, könüllü müraciətləri əsasında onlar Ağdərə rayonunun Həsənriz kəndinə köçürülmə ilə bağlı keçirilən püşkatma tədbirinə dəvət olunublar. Püşkatmada iştirak etdikdən sonra vətəndaş ona məxsus evlə tanış olmaq üçün Həsənriz kəndinə gedib. Bundan sonra həmin evə köçməkdən imtina edib. Nəzərinizə çatdırırıq ki, işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillərin verilməsi zamanı şəffaflıq və ədalət prinsipinin təmin edilməsi, eləcə də hər bir köçkünün eyni imkanlara malik olması üçün püşkatma keçirilir. Püşkatmaya çıxarılan yaşayış sahələrinin kodları aidiyyəti bölgədə olan Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Dövlət Komitəsinə təqdim edilir. Komitə bunun əsasında püşkatma keçirir. Bildiririk ki, püşkatmada ona düşən ev və ya mənzildən imtina edən məcburi köçkün bir müddət sonra (ardıcıllıq nəzərə alınmaqla) yenidən püşkatma tədbirinə dəvət oluna bilər. Elnarə Səlimovanın müraciəti əsasında, növbəti mərhələlərdə onun Ağdərə rayonunun Həsənriz kəndinə köçürülməsi məsələsinə yenidən baxılacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər