Bir həftədə təbiətə 211 min manatdan çox ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələ rayonları ərazilərində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən Axar.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Nəsimi rayonu İmran Qasımov, Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində, Abşeron rayonu Saray qəsəbəsində, Xaçmaz rayonunun Mürşüdoba kəndində, Zaqatala rayonunun Muğanlı kəndində, Zəngilan rayonunun Mincivan qəsəbəsi ərazisində və Qəbələ-Oğuz avtomobil yolunun Zərgərli kəndindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 211 min 350 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.