Siyasət
Paşinyan: "Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu bərpa olunur"
Ermənistan hökuməti Türkiyə və Azərbaycanla sərhədlərə uzanan dəmir yolu sahələrini müstəqil şəkildə bərpa etməyə başlayıb. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonrakı brifinqdə bildirib. Baş nazir qeyd edib ki, Gümrü-Axurik (Türkiyə sərhədi) və Yerasx (Azərbaycan sərhədi) istiqamətlərində dəmir yolu sahələrinin bərpası istiqamətində işlərə start verilib: "Biz artıq bu sahələrin bərpasına yönəlmiş proseslərə başlamışıq və işləri həyata keçiririk. Digər sahələr üçün də rusiyalı həmkarlarımızla işçi müzakirələri davam etdirəcəyik. Mövqeyimiz dəyişməyib və dəyişməyəcək". Nikol Paşinyan sözügedən sahələrin "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasından çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala konkret cavab verməkdən yayınıb. O, dəmir yollarının Ermənistanın mülkiyyəti olduğunu vurğulayıb: "Bunlar bizim dəmir yollarımızdır, bizim mülkiyyətimizdir və biz öz mülkiyyətimizi idarə etməliyik. Təfərrüatı təqdim edə bilmərəm, çünki bu məsələləri hüquqi məsləhətləşmələr və işçi müzakirələr zamanı həll etməliyik. CQDY bütün bu proseslərə cəlb olunub, onlar baş verənlərdən xəbərdardırlar".
Mənbə
oxu.az